Xəbər verdiyimiz kimi, Moskvanın Basmannı rayon məhkəməsi azərbaycanlı jurnalist, "Nə? Harada? Nə zaman?" oyununun iştirakçısı Rövşən Əsgərovu “nasizmin reabilitasiyası” iddiası ilə qiyabi həbs edib. O, aprelin sonunda Facebook-da sovet marşalı Georgi Jukov haqqında yazdığı yazıya görə açılan cinayət işində müttəhim olub.
RT kanalının baş redaktoru, milliyyətcə erməni olan Marqarita Simonyan Telegram kanalında Rövşən Əsgərovu “rusofob və şovinist” adlandırıb.
Bizim.Media xəbər verir ki, Rövşən Əsgərov Facebook-da Marqarita Simonyanın təhqirlərinə cavab verib və “Marqo, ümid edirəm ki, sən müharibədən sonra əyani surətdə asılacaqsan” sözlərini yazıb.
MÖVZU İLƏ BAĞLI:
Marqarita Simonyan Rövşən Əsgərovu “şovinist” adlandırdı
Onun fikrincə, marşalla bağlı dediklərində heç bir böhtan olmayıb, Rusiya İstintaq Komitəsinin açdığı cinayət işi heç bir əsasa söykənmir.
“Sözlərimdə nə böhtan var, nə də yalan var. Ən azından dediklərimin hamısı Vikipediyada yerləşdirilib. Cinayət işi açanların xəstə fantaziyası var”, Əsgərov əminliklə bildirib.
Onun sözlərinə görə, çoxdandır ki, Rusiyada yaşamır və geri qayıtmaq niyyətində deyil.
Qeyd edək ki, əslən Qəbələdən olan Rövşən Əsgərov 1972-ci ilin 4 may tarixində Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub və buranı 1989-cu ildə bitirib. Uzun illər jurnalistika sahəsində çalışıb, "Nə? Harada? Nə zaman?" oyununun iştirakçısı olub.
Bizim.Media