“Torpaqları versəydik, hər şey indikindən yaxşı olardı” - Paşinyanın etirafları

“Torpaqları versəydik, hər şey indikindən yaxşı olardı” - Paşinyanın etirafları

Hazırda oxunan: “Torpaqları versəydik, hər şey indikindən yaxşı olardı” - Paşinyanın etirafları

7409

“Qarabağ probleminin çözülməsində açar rolunu oynayan hadisələrdən biri 1996-cı ildə baş tutan Lissabon sammiti olub.”

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan erməni mətbuatında dərc olunan məqaləsində ifadə edib.

 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan 104 milyonu hara xərcləyib? - Ermənistanda qalmaqal böyüyür



Erməni liderin sözlərinə görə, həmin sammit Ermənistanın dünyada necə tənha olduğunu göstərdi.

Paşinyan bütün oxşar tədbirləri Ermənistanın diplomatik uğursuzluğu adlandırıb. “Çünki Azərbaycan Dağlıq Qarabağ münaqişəsini ərazi və sərhəd probleminə çevirməyi bacardı”.

Xatırladaq ki, 1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in növbəti zirvə toplantısı keçirilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edilib. Ulu öndər Heydər Əliyev çevik və dəqiq diplomatik addımları ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına nail olub.

Ermənistan istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəkləyib.

Bu prinsiplər Azərbaycan və Ermənistanın ərazi bütövlüyü, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsindən ibarət idi. Bununla da münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə yaradıldı və vasitəçilərin vəzifələri müəyyən olundu.

Ermənistanın baş naziri məqaləsində qeyd edir ki, “2011-ci ildə Serj Sarqsyan 7 rayonu Azərbaycana qaytara bilərdi, lakin rəsmi Bakı Kazan sənədlərinə imza atmadı”.

Ümumiyyətlə, prezident İlham Əliyevin böyük qələbədən qabaq dəfələrlə vurğuladığı kimi, Ermənistan danışıqlar prosesini pozmağa çalışır və hazırlanan müvafiq sənədə qol çəkmir. Paşinyan isə, məqaləsində qeyd edir ki, 2011-ci ildə Azərbaycan tərəfi problemin həlli ilə bağlı razılaşmanı imzalamadı. Sual yaranır – Niyə!? Çünki həmin sənəddə münaqişənin həll olunmasını əhatə edən baza prinsiplər pozulmuşdu. Həmin razılaşmaya görə, Azərbaycanın 7 rayonu geri qaytarılacaq, Dağlıq Qarabağa isə müvəqqəti status veriləcəkdi.

Bakı bu diplomatik uğursuzluğa imza atmazdı, çünki hələ 1996-cı ildə keçirilən Lissabon sammitində ulu öndər Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsiplərin açıq şəkildə dəstəklənməsinə nail olmuşdu. 

“2013-2015-ci illərdə konfliktin həlli ilə bağlı Rusiya yeni prinsiplər hazırladı və 5+2 sxemi 7 rayonun Azərbaycana qaytarılmasını özündə ehtiva edən sənəddə Dağlıq Qarabağ məsələsinə toxunulmamışdı.

Bu səbəbdən 2016-cı ilin yanvarında İrəvan bu razılaşmadan imtina etdi və bir neçə ay sonra aprel döyüşləri baş verdi” deyən Paşinyan 4 günlük savaşdan sonra Serj Sarqisyanın etiraflarını da xatırladıb. 

Əlavə edək ki, həmin vaxt eks erməni lider Serj Sarqisyan bildirmişdi ki, aprel döyüşləri Ermənistan ordusunun zəifliyini üzə çıxardı. Sarqisyan Ermənistan qoşunlarındakı silah-sursat və texnikanın 80-ci illərdən qalma olduğunu bəyan etmişdi. Lavrov prinsiplərindən sonra isə, danışıqların formal olaraq yenidən Madrid prinsipləri ətrafında aparılırdı.

Burda da əsas razılıq əldə olunmayan məsələ Dağlıq Qarabağın müqəddəratı ilə bağlı idi. 

“23 illik danışıqlarda qazancımız yanlız vaxt udmaq olub. 2016-cı ildə Azərbaycandan tərpənən qatarın qarşısı ala bilmədik” ifadəsini işlədən Nikol, burada aprel döyüşlərində Azərbaycanın qazandığı uğuru, öz dili ilə desək, Ermənistanın uğursuzluğunu diqqətə çatdırır. Davamında bildirir ki, “əksəriyyət müharibədən qaçmaq üçün Rusiyapərəst siyasətin aparılmalı olduğunu desə də, unutmasınlar ki, 2019-cu ildə Suriyaya minaaxtaranların və həkimlərin göndərilməsi qərarını mən vermişəm.

Rusiya böyük dövlət olsa da, sərhədsiz gücə malik deyil.

Əvvəllər Kremlin əsas münaqişə ocağı Cənubi Qafqaz idisə, son illər siyahıya Suriya və Ukraynanın (Krım, Donbass) əlavə olunması, həmçinin müəyyən sanksiyalarla üzləşməsi Moskvanın işini çətinləşdirdi” deyən Paşinyan Azərbaycanın bu imkandan yaxşı yararlandığını önə çəkib. 

Əslində bu çıxışı ilə Nikol Paşinyan özü-özünü təkzib edir. Çünki erməni lider məqalənin əvvəlində Moskvanın konfliktin çözülməsi ilə əlaqədar ittihamlardan yorulduğunu deyib, Rusiyaya haqq qazandırır. Yazısının bu hissəsi isə, münaqişə həllinin Rusiya tərəfindən uzadıldığına eyhamdır. 

“Torpaqları versəydik, hər şey indikindən yaxşı olardı” deyən pərişan – Paşinyan cəbhədə verdikləri itkilərə görə üzüldüyünü, ölkənin çətin vəziyyətə düşdüyünü etiraf edir.

Yazının bu hissəsində də “Nikolun sərsəm bəyanatları” ifadəsi özünü doğruldur. Çünki “kaş torpaqları danışıqlar yolu ilə qaytarıb, fəlakətlərdən uzaq olardıq” deyən, “Azərbaycanın tələbinə əməl etsəydik, müharibə olmazdı” təkrarlayan Paşinyan daha sonra yaxşı ki, savaşdıqlarını qələmə alıb. Torpaqları danışıqlar yolu ilə geri versəydik, “döyüş Horadizdə yox, Şurnuxuda başlayacaqdı” söyləyən Nikol bu fikrini belə izah edib:

“7 rayonu danışıqlarla qaytarsaydıq da Şurnuxu və Şahverdilər ətrafında bu gün baş verənlər yaşanacaqdı. Çünki Qubadlı Azərbaycana qaytarılacaq və sərhədə görə bu kəndlərin "20 ev" mübahisəsi olacaqdı”. 

Məqaləsinin əksər ermənini məyus etdiyini etiraf edən Paşinyan sonda vurğulayıb ki, uğurlu gələcəyin müzakirəsi üçün bəzən keçmişi də vərəqləmək faydalıdır. 

Sonda qeyd edək ki, Paşinyanın daxili-xarici siyasəti elə onun məqaləsinə bənzəyir. Nə sujet xətti, nə doğru-düzgün üslub, nə də axırda imzası var. 

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO