Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyan baş nazir Nikol Paşinyanı “Hayastan” fondunun pullarını mənimsəməkdə günahlandırıb.
Bizim.Media “Sputninik Armenia” nəşrinə istinadən xəbər verir ki, o, bu barədə çəkdiyi “Rekviem 6. Pullar” videoçarxında məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Sarkisyanın yeznəsi: "Cəmiyyət idarə olunur və Nikolun tələsinə düşür"
Ermənidən ermənilərə təhqir - FOTO
Minasyanın sözlərinə görə, bu səbəblə Hayastan Ümumerməni Fondunun fəaliyyəti beynəlxalq auditin nəticələrinə əsasən dondurula bilər. O, bildirib ki, fondun vəsaitinin bir hissəsi Ermənistan hakimiyyəti tərəfindən mənimsənilib və qarşıdakı beynəlxalq auditin nəticələri Diasporadakı bir çox ermənini çətin vəziyyətdə qoyacaq.
Keçmiş səfirin verdiyi məlumata görə, Qarabağ müharibəsi başlayanda dünya erməniləri ordunun ehtiyaclarını ödəmək üçün Hayastan fonduna 170 milyon vəsait ianə edib. Daha sonra baş nazir icraçı direktor Haykak Arşamyana yığılmış pullardan dövlət büdcəsinə 52,7 milyard dram (104 milyon dollar) köçürməsini tapşırıb. Arşamyan bu təlimatı 9 xüsusi qərar çərçivəsində yerinə yetirib. Bu barədə isə fondun qəyyumlar şurasının üzvlərinə - Robert Köçəryana və Arkadi Qukasyana məlumat verilməyib. Çünki A.Qukasyan bu pulların hansı məqsədlə büdcəyə köçürüldüyü haqqında məlumat istəyəcəkdi.
Bundan əlavə, Minasyan bu qərarların yeddisinin əsasız olduğunu vurğulayıb.
O, qeyd edib ki, fondun pulları dövlət büdcəsinə köçürüldükdən sonra, Ermənistan prezidenti və fondun qəyyumlar şurasının başçısı Armen Sarkisyan Arşamyana vəsaitin hansı məqsədlə dövlət büdcəsinə köçürüldüyü haqqında məktub yazaraq açıqlama istəyib. Arşamyan isə bu barədə Maliyyə nazirinə məktub göndərib. Nazir Arşamyanın məktubunu Nikol Paşinyana ünvanlasa da, baş nazir buna heç bir reaksiya verməyib.
Minasyan əlavə olaraq, fonda pul bağışlayan ABŞ-da başda olmaqla bir çox erməni diasporalarının problem yaşayacağını qeyd edib. Çünki, onlar fonda vəsait köçürərkən, ianənin ekvivalenti miqdarında vergilərdən azad olunublar. Pulun başqa məqsədlər üçün xərcləndiyi ortaya çıxarsa, ABŞ-dakı ermənilərin vergi orqanları ilə problemləri olacaq.
Sonda Minasyan qeyd edib ki, hazırda Ermənistan prezidenti Sarkisyan Paşinyandan pulları geri qaytarmasını tələb edir.
Vüsalə Balayeva, Bizim.Media