Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin tribunasında “Ermənistan” fraksiyasının deputatı Seyran Ohanyan Qarabağda qondarma “Artsax” rejiminin bayrağını quraşdırıb.
Paşinyana məxsus olan “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vaaqn Aleksanyan isə həmin əski parçasını ordan götürərək yerə tullayıb. Bu, parlamentdə təmsil olunan müxalifət deputatların xoşuna gəlməyib.
Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, bununla bağlı “Ermənistan” fraksiyasının rəhbəri, respublikanın keçmiş müdafiə naziri Seyran Ohanyan açıqlama verib.
Onun sözlərinə görə, bu davranış parlament çoxluğunun yürütdüyü siyasətə uyğundur. O, (Paşinyan nəzərdə tutulur) hərəkətlərində qeyri-adekvatdır.
Onun fikrincə, hakimiyyət orqanlarının etdiyi addımlar mövcud vəziyyətə uyğun gəlmir.
Ohanyan əlavə edib ki, bütün bu müddət ərzində hakimiyyət müxalifətin dinləmələrin keçirilməsi, Qarabağla bağlı təcili məsələlərin, o cümlədən təhlükəsizlik sahəsində müzakirələrin keçirilməsi təkliflərini rədd edib.
“Bu davranışı gərgin vəziyyətlə izah edirlər. Yəni biz öz fəaliyyətimizlə məşğul olmamalıyıq? Parlamentin fəaliyyəti Ermənistandakı hərbi-siyasi vəziyyətə uyğun olmalıdır”, - deyə fraksiya rəhbəri bildirib.
Ohanyan hakimiyyəti ən azı bir dəfə Qarabağ və Ermənistan ətrafındakı vəziyyətə, xüsusən də sərhəddə və ya sərhəd yaşayış məntəqələrində gərginliyə qiymət verməyə çağırıb.
Eks-nazir Ermənistan icmalarında “Artsax” bayrağının ucaldılmasının simvolik olduğunu izah edib: “Bu bayraq insanları Qarabağa xüsusi diqqət yetirməyə vadar etməlidir”.
Ohanyanın fikrincə, indiki Ermənistan hakimiyyəti ölkəni növbəti dəfə məğlubiyyətə, alçaldılmağa, suverenliyin itirilməsinə, Qarabağ probleminin daha da pisləşməsinə aparır.
“Qarabağda müvəqqəti yaşayan ermənilər öz gələcəyi ilə bağlı qeyri-müəyyənlik içərisindədir. Və belə bir şəraitdə hakim çoxluqdan olan deputat Ermənistan parlamentinin tribunasından Qarabağ bayrağını yerə tullayır.
Bu, onu deməyə əsas verir ki, hakimiyyət Qarabağdan əlini üzüb”, o vurğulayıb.
Xatırladaq ki, aprelin 12-də “Ermənistan” və “Mənim namusum var” bloklarının təmsil olunduğu parlament müxalifəti növbəti 4 günlük plenar iclaslarını boykot edib.
Bizim.Media