Müdafiə naziri Aleksey Reznikov separatçıların tanınmamış Dnestryanı ərazisində (Moldova) hərbi təlimlərini komediya (fars) adlandırıb. Onun sözlərinə görə, Ukrayna hər tərəfdən gələn zərbənin qarşısını almağa hazırdır.
Bizim.Media-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə nazir TSN nəşrinə bildirib.
“Ukrayna Silahlı Qüvvələri istənilən tərəfdən gələn zərbənin qarşısını almağa hazırdır. Bütün döyüş bölmələrimiz hazırlıq vəziyyətinə gətirilib. Strateji ehtiyatlar hazırlanıb: yanacaq və sursat, ona görə də sürprizimiz yoxdur”, - Reznikov bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Ukrayna Donbasda “Bayraktar TB2”dən istifadə edir” – Luqansk separatçılarının İDDİASI
Müdafiə naziri əmin edib ki, Ukrayna kəşfiyyatı Qərb tərəfdaşlarının kəşfiyyatı ilə birlikdə Rusiya Federasiyasının hərəkətlərini diqqətlə izləyir.
“Ukraynalı “Bayraktarlar” havadadır. Ona görə də biz istənilən ssenariyə hazırıq”, - deyə o, əlavə edib.
Bundan əlavə, Reznikov Dnestryanıdan potensial təhlükəni qiymətləndirib. Onun sözlərinə görə, bu, “qeyri-ciddi ssenaridir”.
“Rusiya kontingenti tərəfindən müvəqqəti işğal olunmuş Dnestryanı bölgədə keçirilən təlimlər informasiya müharibəsinin elementi kimi istifadə edilən komediyadır (fars). Bu da öz növbəsində hibrid müharibənin tərkib hissəsidir”, - deyə Ukraynanın müdafiə naziri yekunlaşdırıb.
Bizim.Media