Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda İsrailin baş konsulluğuna hücum edən terrorçularla əlaqəsi olan iki nəfəri saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə TRT Haber telekanalı polis mənbələrinə istinadən məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İstanbulda İsrail konsulluğuna hücum edənlərin şəxsiyyəti müəyyənləşdi – FOTO/VİDEO
Hücum çərşənbə axşamı yerli vaxtla günorta saatlarında baş verib. İstanbul valisi Davud Gül daha əvvəl bildirmişdi ki, üç hücumçudan biri zərərsizləşdirilib, ikisi yaralanıb, iki polis əməkdaşı isə yüngül xəsarət alıb.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edənlər — Onur Ç., Enes Ç. və Yunus E. S. — Türkiyə vətəndaşlarıdır, onlar İstanbula İzmitdən icarəyə götürülmüş avtomobillə gəliblər. İki terrorçu qardaşdır.
NTV telekanalının məlumatına görə, hücum zamanı zərərsizləşdirilən şəxs “İslam Dövləti” terror qruplaşmasının üzvü olub. Hücum faktı ilə bağlı İstanbul Baş Prokurorluğu araşdırma aparır, bunu Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.
İsrailin baş konsulluğu işgüzar Levent rayonunda yerləşir, burada iri şirkətlərin və bankların ofisləri də var. İstanbul valisinin sözlərinə görə, diplomatik nümayəndəlik son 2,5 ildə bağlı olub.
Bizim.Media
































































































