Böyük ZƏFƏRİN qazanılmasında TARİXİ ADDIM – Aprel döyüşlərinin siyasi və hərbi-strateji ƏHƏMİYYƏTİ

Böyük ZƏFƏRİN qazanılmasında TARİXİ ADDIM – Aprel döyüşlərinin siyasi və hərbi-strateji ƏHƏMİYYƏTİ

Hazırda oxunan: Böyük ZƏFƏRİN qazanılmasında TARİXİ ADDIM – Aprel döyüşlərinin siyasi və hərbi-strateji ƏHƏMİYYƏTİ

604407

2016-cı ilin aprel ayının 2-dən 5-dək davam edən Aprel döyüşlərinin başlamasından 10 il ötür. Azərbaycan Silahlı Qüvvələri və Ermənistan ordusu arasında davam edən 3 günlük döyüşlər hərbi, siyasi və psixoloji baxımdan mühüm əhəmiyyət kəsb edir.

Aprel döyüşləri hərbi baxımdan 44 günlük müharibənin baş məşqi, siyasi baxımdan Ermənistan və onun havadarlarının uzunmüddətli dirənişinin sınma anı, sosioloji baxımdansa erməni millətçilərinin ümidlərinin qırılma nöqtəsi idi.

Aprel döyüşləri necə başladı?

Məlumdur ki, Ermənistan və onun xarici havadarları Azərbaycan torpqlarının işğal altında qaldığı dövrdə bir qayda olaraq ölkəmizin siyasi və diplomatik həmlələrini müxtəlif yollarla əngəlləməyə, ən azından gölgə salmağa çalışıb. Təsadüfi deyil ki, 2016-cı ilin mart ayının sonlarında Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda Birləşmiz Millətlər Təşkilatının Nüvə Təhlükəsizliyi Sammitində iştirak edirdi. Bu tədbir çərçivəsində Azərbaycan lideri BMT-nin baş ofisində mühüm görüşlər keçirib, vacib müzakirələr aparırdı.

Bu danışıqlarsa təbii ki, Ermənistan rəhbərliyini və onların xarici havadarlarını ciddi şəkildə narahat edirdi. Ona görə də diqqəti görüşün nəticələrindən yayındırmaq üçün Ermənistanın siyasi rəhbərliyinin birbaşa göstərişi ilə aprelin 1-dən 2-nə keçən gecə təmas xətti boyu bir çox yerlərdə atəşkəs pozuldu. Hətta Azərbaycanın mülki obyektləri və mülki əhali Ermənistan ordusunun hədəfinə çevrildi. Nəticədə 2 nəfər dinc sakin həyatını itirdi, 10 nəfərsə müxtəlif dərəcələri xəsarətlər aldı.

Azərbaycan Ordusunun sərt cavabı

Təbii ki, Azərbaycan Silahlı Qüvvələri anındaca cavab tədbirləri həyata keçirdi. İlk dəqiqələrdən Ermənistanın hərbi birləşmələrinə ağır zərbələr vuruldu. Belə ki, Əsgəran bölgəsindəki HHM kompleksinin RLS-i məhv edildi. Eyni zamanda aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi azad olundu. Bunun ardınca Cəbrayıl rayonun strateji nöqtəsi olan Lələ təpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Madagiz kəndi düşmən işğalından azad edildi.

Ümumilikdə 3 gün ərzində 2 min hektar ərazi düşməndən geri alındı. Bundan əlavə Aprel döyüşlərində Ermənistana məxsus 500-dən artıq hərbçi öldürüldü, 2000-dən çox hərbçi yaralandı. Çox sayda hərbi texnika, o cümlədən 2 helikopter, 14 PUA, 26 tank, 4 zirehli maşın, 1 hərbi maşın, 1 çox lüləli raketatan məhv edildi.

Azərbaycanın hərbi həmlələri Ermənistanı və onun havadarlarını ciddi şəkildə təşvişə saldı. Ona görə də İrəvan təcili olaraq atəşkəsin bərpası üçün əl-ayağa düşdü. Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edildi.

Aprel döyüşlərinin siyasi əhəmiyyəti

Aprel döyüşləri cəmi 3 gün davam etsə də, yeni reallıqları üzə çıxardı. Məlum oldu ki, qlobal güclər daha əvvəlki kimi Ermənistanı müdafiə etmir. Yalnız Rusiya qəti şəkildə hələ də Ermənistanı müdafiə edirdi. Ona görə də rəsmi Moskva tərəfləri təkidlə atəşkəsə dəvət etdi. Amma rəsmi Vaşinqton daha əvvəlki kimi ermənipərəst mövqedən çıxış etmədi. Yalnız ABŞ dövlət katibinin müavini səviyyəsində hərbi toqquşmaya münasibət bildirildi. Almaniyadan başqa heç bir Avropa ölkəsi Aprel döyüşlərinə münasibət bildirmədi.

Türkiyə, Pakistan, Gürcüstan, Belarus, Ukrayna, Qazaxıstan və bir çox ölkələrsə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü əsas tutaraq Ermənistanın işğalçılıq siyasətini pislədilər. Həmin günlərdə ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, İsveç, Almaniya, Avstraliya, İtaliya, Ukrayna, Litva, Latviya və digər ölkələrdə Ermənistanın işğalçılıq siyasətini pisləyən kütləvi aksiyalar keçirilirdi. Təbii ki, həm bu aksiyalar, həm də əksər dövlətlərin Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi regionda güc balansını ölkəmizin xeyrinə dəyişmiş oldu. Beləcə, Aprel döyüşlərindən sonra Azərbaycan beynəlxalq arenada daha qətiyyətli addımlar atdı.

Aprel döyüşləri hərbi müstəvidə güc balansını göstərmiş oldu.

Aprel döyüşləri çox qısa çəksə də, Azərbaycanın Silahlı Qüvvələri öz gücünü və imkanlarını göstərmək imkanı qazandı. Məlum oldu ki, atəşkəs dövründə Azərbaycan hərbi qüdrətini əsaslı şəkildə gücləndirib. Ən müasir texnika ilə təhciz edilən ordumuz düşməni geri oturtmaq imkanına sahibdir.
 

Təbii ki, Aprel döyüşləri Ermənistan ordusunun çatışmazlıqlarını və boşluqlarını da aydın şəkildə göstərdi. Məlum oldu ki, korrupsiyalaşmış və siyasiləşmiş Ermənistan ordusu bütün parametrlər üzrə Azərbaycan ordusuna uduzur. Təadüfi deyil ki, hərbi əməliyyatların ilk bir neçə saatı ərzində verilən itkilərdən sonra Ermənistanın Müdafiə Nazirliyi məsuliyyəti cəbhə xəttləri boyunca avadanlıq və kommunikasiya xətlərinin köhnəlmiş olması ilə əsaslandırmağa çalışdı. Ermənistanın Müdafiə Nazirliyi açıq şəkildə etiraf etdi ki, ordu sursat və döyüşkənlik ruhu cəhətdən ciddi korluq çəkir.


Əvəzində isə Azərbaycan Aprel döyüşlərində öz imkanlarını bir növ test etdi. Belə ki, yeli KİV-lərin yazdığına görə, döyüşlərdə Azərbaycan qüvvələri İsrailin istehsal etdiyi A Hapor "Kamikadze" PUA, ThunderB nəzarət dronları və Spike TƏİP-ləri, Rusiya istehsalı olan TOS-1A 24-barrel termobarik raket sistemlərini tətbiq etdi. Məhz bu avadanlıqlar hesabına Ermənistanın ağır texnikası asanlıqla məhv edildi.

Aprel döyüşlərinin sosial-psixoloji nəticələri

Aprel döyüşləri xalqımızın və ordumuzun döyüş ruhunu ortaya qoydu. Minlərlə gənc səfərbərlik şöbələrinə gələrək döyüşə getməyə hazır olduqlarını bildirdi. Eyni zamanda orduya dəstək məqsədi ilə küçə yürüşləri təşkil edildi. Və nəticədə Ermənistan və bütün dünya açıq şəkildə dərk etdi ki, 20 ildən çoxdur davam edən işğal Azərbaycan xalqının döyüş ruhunu sındırmayıb, əksinə daha da möhkəmləndirib. Ən əsası 3 günlük müharibə xalq-dövlət-ordu birliyinin sarsılmaz olduğunu ortaya qoydu.
 

Lakin qarşı tərəfdə proseslər əks istiqamətdə inkişaf etməyə başladı. İlk növbədə, Ermənistan ordusunda fərarilik halları artdı. Ən əsası Aprel döyüşləri zamanı 2000-dən artıq erməni Qarabağı tərk edib Ermənistana köçdü. Bu isə erməni ultramillətçilərinin bir əsrdən çox uydurduqları “Böyük Ermənistan”ın nağıl olduğunu sübut etdi. Artıq sadə ermənilərin çoxu dərk etdi ki, onlar böyük güclərin və Ermənistanın siyasi hakimiyətinin maraqlarının girovu və qurbanıdırlar.


Təbii ki, bu faktorlar 44 günlük müharibədə Azərbaycanın qətiyyətli qələbəsinin ilhamverici əsasları idi. Məhz bu səbəbdən Aprel döyüşlərinin bir çox iştirakçıları dövlətimiz tərəfindən yüksək mükafatlara layiq görüldü. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, 7 üzvü “Azərbaycan bayrağı” ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordrni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü  “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü isə "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırıldı.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO