Bu saraya kasıblar da rahatlıqla girirdi – Çarın imzası ilə Sovet hökumətinin tikdirdiyi nadir bina – VİDEO

Bu saraya kasıblar da rahatlıqla girirdi – Çarın imzası ilə Sovet hökumətinin tikdirdiyi nadir bina – VİDEO

Hazırda oxunan: Bu saraya kasıblar da rahatlıqla girirdi – Çarın imzası ilə Sovet hökumətinin tikdirdiyi nadir bina – VİDEO

603314

Çoxmillətli Rusiyanın möhtəşəm memarlıq nümunələrindən biri – Kazan Stansiyası, ilk baxışdan fantastik bir saraya və ya orta əsr malikanəsinə bənzəyir. Asimmetrik qüllələri, şərq motivləri, zəngin dekorasiyası və mürəkkəb silueti... Sanki qatar bura təsadüfən gəlir, şah sarayının yanından ehtiyatla keçib tələsik platformadan ayrılır.

XX əsrin əvvəllərində Moskvanın əsaslı şəkildə yeni bir dəmir yolu stansiyasına ehtiyacı olduğu aydın oldu. Buna görə hətta 1913-cü ildə Moskva-Kazan Dəmir Yolunun rəhbərliyi müsabiqə də elan etdi. Moskvanın mənzərəsini dəyişdirən bu memarlıq müsabiqəsinin əsas tələblərindən biri  ölkənin mədəni müxtəlifliyini əks etdirən bir bina yaratmaq idi.



Qalib memar Aleksey Şusev oldu. O dövrdə o, əsasən kilsə memarlığının ustası kimi tanınırdı. Şusev o dövr üçün cəsarətli bir konsepsiya təklif etdi: qatarların hərəkət etdiyi ərazilər – Volqa bölgəsi, Ural, Şərq – bütün bunlar binanın görünüşündə əks olunmalı idi. Beləliklə, stansiya yalnız nəqliyyat vasitəsi deyil, ölkənin coğrafi hekayəsinə çevriləcəkdi.  
 

Tikinti işləri 1913-cü ildə başladı. Lakin 1914-cü ildə başlanan Birinci Dünya Müharibəsi, sonra 1917-ci ildəki Oktyabr İnqilabı işləri yarımçıq qoydu, maliyyələşdirmə dayandırıldı. Bina yalnız 1926-cı ildə - Sovet İttifaqının hakimiyyəti altında tamamlandı.


Maraqlıdır ki, yeni hökumət də Şusevin bu təntənəli dizaynını bəyənmişdi. Hətta, layihə əhəmiyyətli dərəcədə genişləndirildi. Stansiyanın ilkin sahəsi təxminən 11.000 kvadratmetr olaraq planlaşdırılsa da, son versiyası 70.000 kvadratmetri keçdi.

Şərq və Qərb arasında memarlıq manifesti...

Tikinti başa çatdıqdan sonra Kazan Stansiyası Avropanın ən böyük stansiyasına çevrildi. Bu, Şərq və Qərb arasında memarlıq manifesti idi. Kazan Stansiyasının görünüşünü tək bir üsluba endirmək olmaz. O, rus orta əsr memarlığının elementlərini, şərq motivlərini və neoklassik memarlığı özündə birləşdirir.



Binanın əsas qülləsi Tatarıstanın simvollarından biri olan Kazan Kremlindəki məşhur Syümbikə Qülləsinə xatırladır. Bu, qəsdən edilmiş bir jest idi: bu marşrutdakı ilk əsas dayanacağı vizual olaraq xatırlatmaq üçün nəzərdə tutulmuşdu. Həm də Tatar xanədanının baş xanımını simvolizə edən bu qüllə və onun haqqındakı rəvayət yerli əhalinin qürurla yaşatdığı sevgi hekayələrindən biridir.
 

Syümbikə xatun əri öldüyü gün qüllə tikdirir və 7 günə hazır olmasını əmr edir. İslam qaydalarına görə həyat yoldaşının Yeddi mərasimini verdikdən sonra qadın özünü qüllədən ataraq canına qəsd edir, sevdiyi kişi olmadan bu həyata davam etmək istəmir.


Şusev şərq ornamentlərini öyrənmək üçün Volqa bölgəsi və Orta Asiya şəhərlərinə səyahət etmişdi. Binada göstərmək istədiyi bölgələrin xarakterini daha dəqiq əks etdirmək üçün hətta bir müddət o ərazilərdə yerli əhali kimi yaşamış, onların mədəniyyətini canlı hiss etdikdən sonra daşların üzərinə köçürə bilmişdi.

İnteryer dəbdəbəsi ilə diqqət çəkir: boyalı tavanlar, mozaik döşəmələr, oyma taxta plitələr və vitrajlar... Bəzi otaqlar qatar stansiyasından çox saray otaqlarına bənzəyir.



Xüsusilə Çar Pavilyonu diqqət çəkir – bura imperator ailəsi üçün nəzərdə tutulmuşdu. Hətta hakimiyyət dəyişikliyindən sonra belə, onun dekorativ elementləri ən yüksək səviyyəli bədii dizayn nümunəsi olaraq qorundu.

Kazan Stansiyası qülləsindəki saat da qeyri-adi tarixə malik başqa bir detaldır. O, 1904-cü ildə Londonda istehsal olunmuş və əvvəlcə başqa bir stansiyası üçün nəzərdə tutulmuşdu. Kazan Stansiyasının tikintisi son mərhələlərinə yaxınlaşdıqca, onun qülləsinin saat üçün ideal yer olacağı qərara alındı. Mexanizmi o qədər etibarlı düzəldilib ki, bir əsrdən çox davam edən tarix ərzində saat yalnız iki dəfə dayanıb.



Bütün ikonik binalar kimi, Kazan Stansiyası da miflərlə əhatə olunub. Yeraltı keçidlər, gizli otaqlar və zirehli kameralar haqqında rəvayətlər var. Bu hekayələrin bəziləri əsassızdır, lakin onlar şəhər folklorunun bir hissəsinə çevrilib. Sovet dövründə qiymətli yüklərin saxlanması üçün istifadə edilən möhkəmləndirilmiş konstruksiyalı xüsusi otaqların mövcudluğu etibarlı şəkildə məlumdur.



Bu gün Kazan Stansiyası mürəkkəb bir şəhər qurumudur, mağazalar, kafelər, otel və ofis sahələri yerləşir. Hər gün on minlərlə sərnişin oradan keçir və bir çoxları üçün bu, sadəcə səs-küyün fonu olaraq qalır. Amma boylanıb ətrafına baxanlar üçün  Sakit Okeana qədər uzanan bir ölkə haqqında memarlıq hekayəsi kimidir. Kazan Stansiyası hələ də əsas missiyasını – səyahət nağılını danışır.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO