Ermənistanda məhkəmə Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyan barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirini ləğv edib.
Bizim.Media xəbər verir ki, onun barəsində inzibati nəzarət və ölkədən çıxmamaq barədə iltizam tədbiri seçilib.
Bununla yanaşı, Proşyana yeparxiyanın din xadimləri və cinayət işi üzrə digər fiqurantlarla ünsiyyət qurmaq qadağan edilib. O, həmçinin yeparxiyanın iqamətgahına gedə bilməz.
Xatırladaq ki, 2025-ci il oktyabrın 15-də hüquq-mühafizə orqanlarının əməkdaşları yepiskopun evində axtarış aparıb, bundan sonra o saxlanılıb. Proşyanla yanaşı, Araqatsotn yeparxiyasının bir neçə keşişi də polis bölmələrinə aparılıb. Daha sonra Proşyan, Muğni kəndindəki kilsənin əməkdaşı Qaregin Arsenyan və mühasib Naira Alaverdyan həbs olunub.
Onlara qarşı, o cümlədən, din xadimlərini mitinqlərdə iştiraka məcbur etmə və əmlakın mənimsənilməsi ittihamları irəli sürülüb. Sonradan hər üç şəxs barədə qətimkan tədbiri dəyişdirilib.
Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma baş nazir Nikol Paşinyanın din xadimləri ilə bağlı sərt açıqlamalarından və katolikosun seçilməsi qaydasını dəyişmək təşəbbüsündən sonra daha da kəskinləşib. Həmin təşəbbüs dövlətə bu prosesdə əsas rol verilməsini nəzərdə tutur.
Bu fonda müxtəlif ittihamlarla üç yeparxiya rəhbəri — arxiyepiskoplar Baqrat Qalstanyan, Mikael Acyapahyan, yepiskop Mkrtiç Proşyan, eləcə də Eçmiədzinin Birinci Taxt-Tacının kanselyariya rəhbəri Arşak Xaçatryan həbs olunmuşdu.
Gərginlik noyabrın 27-də yeni mərhələyə keçib. Həmin gün mediada Erməni Apostol Kilsəsinin bir qrup iyerarxının imzası ilə bəyanat yayılıb. Onlar katolikos II Qaregini arxiyepiskop Arşak Xaçatryanın guya qalmaqallı hərəkətini ört-basdır etməyə çalışmaqda ittiham ediblər və bildiriblər ki, patriarx bununla qəbuledilməz hərəkətlərə himayədarlıq edir.
Elə həmin gün bəyanat müəllifləri baş nazir Nikol Paşinyanla görüşüblər. Noyabrın 29-da isə 10 nəfər yeni bəyanat yayaraq katolikosu könüllü şəkildə taxtdan imtina etməyə çağırıblar. Onlar II Qaregini özbaşına idarəçilikdə, siyasi proseslərə müdaxilədə və kilsə başçısının missiyası ilə bir araya sığmayan addımlarda günahlandırıblar.
2026-cı il yanvarın 4-də isə Ermənistanın baş naziri Nikol Paşinyan 10 “üsyançı” yepiskopla kilsənin “yenidən qurulması” üzrə yol xəritəsi imzalayıb.
Bizim.Media



































































































