Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk ailələrində azı üç uşağın olmasının vacibliyini bəyan edib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı bu fikirləri İslam sənətinə həsr olunmuş sərginin açılış mərasimində çıxışı zamanı səsləndirib. Ərdoğan ölkədə əhalinin sayının artırılmasının strateji əhəmiyyət daşıdığını vurğulayıb.
“Dəfələrlə demişəm ki, ailələrdə azı üç uşaq olmalıdır. Biz əhalimizin sayını artırmalıyıq. Şəxsən mənim doqquz nəvəm var və bu, mənim üçün böyük sevinc mənbəyidir”, – deyə Türkiyə Prezidenti bildirib.
Rəcəb Tayyib Ərdoğan çıxışında hökumətin “Ailə ili” elan olunması ilə bağlı qərarına da diqqət çəkib. Onun sözlərinə görə, ailə institutunun gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Prezident bəzi hallarda hətta yaxın insanların belə əhali artımına qarşı çıxmasından narahatlığını ifadə edib:
“Təəssüf ki, bəzən ən yaxın çevrəmizdə belə əhalinin artmasına qarşı olan mövqelərlə rastlaşırıq. Bu, ciddi məyusluq doğurur. Ümid edirəm ki, bu yanaşma zamanla dəyişəcək”, – deyə Ərdoğan əlavə edib.
Türkiyə hakimiyyəti son illər ailə institutunun möhkəmləndirilməsi və doğum səviyyəsinin artırılması istiqamətində müxtəlif sosial proqramlar həyata keçirməyi planlaşdırır.
Bizim.Media































































































