İranda davam edən etirazlar zamanı ölənlərin sayı 500 nəfəri ötüb.
Bizim.Media xəbər verir ki, “Reuters” agentliyinin insan haqları təşkilatlarına istinadən yaydığı məlumata görə, etiraz aksiyaları nəticəsində indiyədək 490 etirazçı və 48 təhlükəsizlik qüvvəsi əməkdaşının həlak olduğu təsdiqlənib.
Bildirilir ki, son iki həftə ərzində baş verən iğtişaşlar zamanı 10 min 600-dən çox şəxs saxlanılıb. Məlumatlar ölkə daxilində və xaricində fəaliyyət göstərən fəalların topladığı məlumatlara əsaslanır.
Artan gərginlik fonunda İran Prezidenti Məsud Pezeşkian xalqa televiziya müraciəti ilə çıxış edib. Dövlət başçısı vətəndaşları küçələrə çıxmağa çağıraraq, etirazçıların ilkin sosial-iqtisadi tələblərinin radikal qruplar tərəfindən təhrif edilməsinə imkan verilməməsini istəyib.
Pezeşkian ictimai dialoqun vacibliyini vurğulayıb və hökumətin iqtisadi islahatları davam etdirmək niyyətində olduğunu bildirib.
Prezidentin sözlərinə görə, son iğtişaşların arxasında xarici qüvvələr, xüsusilə ABŞ və İsrail dayanır və onların məqsədi ölkədə sabitliyi pozmaqdır. Pezeşkian gəncləri zorakılıq aksiyalarında iştirak etməməyə çağıraraq, məscidlərə hücum edənlərin cəmiyyət tərəfindən qəbul edilməyəcəyini qeyd edib.
Xatırladaq ki, İranda etirazlar dekabrın 28-dən davam edir. Aksiyalar ilk olaraq Tehranın əsas şəhər bazarında milli valyutanın kəskin dəyərdən düşməsinə və qiymət artımına etiraz edən dükan sahibləri və tələbələrin iştirakı ilə başlayıb. Qısa müddət ərzində etirazlar ölkənin digər şəhərlərinə də yayılıb.
Dərinləşən iqtisadi böhran fonunda İran Mərkəzi Bankının sədri Məhəmməd Fərzin istefa verib ki, bu da ölkədəki vəziyyətin ciddiliyini göstərən əsas faktorlardan biri kimi qiymətləndirilir.
Bizim.Media































































































