Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi “Rusiya Könüllülər Korpusu”nun (RDK) komandiri Denis Kapustinin guya öldürülməsi ilə bağlı yayılan məlumatların xüsusi əməliyyatın tərkib hissəsi olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, qurum Kapustinin sağ olduğunu bildirib.
Açıqlamada bildirilir ki, məlumat Rusiya xüsusi xidmət orqanlarını çaşdırmaq məqsədi daşıyıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) açıqlamasına görə, bir aydan artıq davam edən xüsusi əməliyyat nəticəsində Kapustinin həyatı qorunub saxlanılıb, eyni zamanda bu sifarişin arxasında dayanan Rusiya xüsusi xidmət orqanlarındakı sifarişçilər və icraçılar tam şəkildə müəyyən edilib.
Qeyd olunur ki, Rusiya xüsusi xidmət orqanlarının Kapustinin aradan götürülməsi üçün ayırdığı 500 min dollar ələ keçirilib və bu vəsait Ukrayna kəşfiyyatının xüsusi bölmələrinin gücləndirilməsinə yönəldiləcək.
GUR-un məlumatında bildirilir ki, əməliyyat çərçivəsində qarşı tərəfə Kapustinin guya “öldürüldüyü” barədə dezinformasiya ötürülüb. Bunun müqabilində Rusiya xüsusi xidmətlərinin ayırdığı 500 min dollar məbləğində vəsait əldə edilib. Sözügedən pulun Ukraynanın xüsusi təyinatlı bölmələrinin ehtiyaclarına yönəldiləcəyi vurğulanır.
Hadisə Rusiya–Ukrayna müharibəsi fonunda kəşfiyyat savaşının təkcə cəbhədə deyil, pərdəarxası əməliyyatlar və informasiya manipulyasiyaları səviyyəsində də nə qədər sərt və amansız aparıldığını açıq şəkildə nümayiş etdirir.
Bizim.Media

































































































