Gürcüstanın hakim partiyasının lideri Bidzina İvanişvilinin bu ilin noyabr ayının 20-də ölkə parlamentində yalnız “Gürcü arzusu”nun yeganə siyasi qüvvə olacağı ilə bağlı dediklərinə ekspert dairələri aktiv reaksiya veriblər.
Bundan bir gün sonra GSAC Gürcüstan strateji analiz mərkəzindən Georgi Tarqamadze “Грузия Online”də dərc olunan analitik yazısında bu vəziyyəti “seçkisiz seçki” adlandırıb və Sovetlərin bir partiyalı siyasi sistemi ilə müqayisə edib.
Dekabrın ilk günləri göstərir ki, G.Tarqamadzenin işarə etdiyi siyasi dalan vəziyyəti Gürcüstanda reallaşa bilər.
“Vahid Milli Hərəkat”dan deputat olan Salome Samadaşvili dekabrın 10-da bəyan edib ki, “bir az əvvəl birpartiyalı parlamentdən danışırdıq, bu gün təəssüf ki, birpartiyalı Gürcüstandan danışmaq lazım gəlir”. Sözlərinə davam edərək o, bunda hakim partiyanın məqsədinin “Gürcüstanın siyasi sahəsini tamamilə məhv etmək”dən ibarət olduğunu söyləyib.
Bunlara cavab olaraq, S.Samadaşvili müxalifət partiyalarının parlamentdən imtina etməsinin lazım olduğu fikrini irəli sürüb. Artıq məlumdur ki, “Milli Hərəkat”, “Aqmaşqenebeli strategiyası” və “Lelo” parlament mandatlarından imtina edərək öz siyahılarını ləğv ediblər.
Müxalifət hakim partiyaya 5 punktdan ibarət təkliflər verib. Onları siyasi böhrandan çıxış yolları adlandırırlar. Təkliflərdə Referendumun keçirilməsi, seçki sisteminin islahatı, seçki admnistrasiyasının dəyişməsi, növbədənkənar seçkilərin keçirilməsi və siyasi məhbusların azad edilməsi kimi şərtlər vardır. Ancaq hakim partiya növbədənkənar seçki məsələsini və Referendumu özünün “qırmız xətti” adlandırır.
Gücrü ekspertlər yaranmış vəziyyətə həssaslıqla yanaşırlar. Qii Xuxaşvili müxalifətin ancaq Referendum keçirilməsindən danışmasının real heç bir nəticə verməyəcəyini düşünür. Bunu “çox zəif alət” adlandırır.
O, “Palitranyus” kanalına verdiyi müsahibədə iddia edib ki, müxalifətin parlamentə daxil olub olmamasından asılı olmayaraq növbədənkənar seçki qaçılmazdır. Bu, ola bilsin ki, bir neçə aydan sonra həyata keçsin. Bu səbəbdən, “böhranın parlamentdə lokallaşması lazımdır”. Böhranın genişlənməsi və dərinləşməsini ekspert ölkə üçün siyasi fəlakət adlandırıb. “Sərt mövqe heçliyə aparan yoldur” (Q.Xuxaşvili).
Gürcü ekspertə görə, hakimiyyət Referendumdan başqa qalan şərtlərlə razılaşa bilər. Seçki kodeksinə dəyişiklik ola bilər, siyasi məhbuslar azadlığa buraxılar və s. Onun qənaətinə görə, hələlik hakim dairə müxalifətlə “siçan-pişik” oyununu aparır. Bunun da sonu daha ağır sosial-siyasi böhran ola bilər.
Georgiy Tarqamadze isə Gürcüstan əhalisini həyəcanlandıran proqnoz verib. O, Formula telekanalındakı müəllifi olduğu “Dövran” proqramında bildirib ki, indi “iki Gürcüstan vardır – arzu və reallıq gürcüstanları”. O, “arzu dedikdə İ.Bidzinişvilinin rəhbərlik etdiyi “Gürcü arzusu” hərəkatını, “reallıq” dedikdə isə M.Saakaşvilinin yaratdığı “Milli Hərəkatı” nəzərdə tutur.
Belə görünür ki, Gürcüstan hələlik bu ikiləşmənin sıxıntısını çəkir. Avropalı diplomatların vasitəçilik etməsinə baxmayaraq, qonşu və müttəfiq ölkənin siyasi səhnəsində sular durulmur. Cənubi Qafqazda müşahidə edilən ziddiyyətli və sürətli geosiyasi proseslər fonunda bu, kifayət qədər riskli təsir bağışlayır.
Bizim.Media
- A-
- A
- A+
Region
13:01 / 13.12.2020
Gürcü ekspertin şok proqnozu: “İki Gürcüstan vardır – arzu və reallıq gürcüstanları”:
Hazırda oxunan: Gürcü ekspertin şok proqnozu: “İki Gürcüstan vardır – arzu və reallıq gürcüstanları”:
Hazırda oxunan: Gürcü ekspertin şok proqnozu: “İki Gürcüstan vardır – arzu və reallıq gürcüstanları”:
5122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.