“Bu hakimiyyətə ümid bağlamırıq” - Zvartnots hava limanı Rusiyaya gedənlərlə doludur

“Bu hakimiyyətə ümid bağlamırıq” - Zvartnots hava limanı Rusiyaya gedənlərlə doludur

Hazırda oxunan: “Bu hakimiyyətə ümid bağlamırıq” - Zvartnots hava limanı Rusiyaya gedənlərlə doludur

48123

Müharibədən sonra 100 mindən çox vətəndaş Ermənistanı tərk edib və bir daha geri qayıtmayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Sputnik Ermənistan” nəşrində yerləşdirilib.

Mənbə yazır ki, 44 günlük müharibədən sonra ekspertlər Ermənistandan mühacirətin artacağını proqnozlaşdırırdılar.

Bu fərziyyə 2021-ci ilin fevralında Rusiya Ermənistanla hava sərhədini bir ay müddətinə (koronavirusa görə bağlı olan) açanda və ajiotaj yarananda təsdiqləndi. Biletlərin qiyməti 70-90 min dramdan 300-400-ə qalxdı (140 -180 dollardan 620-830-a qədər). Buna baxmayaraq, fevral ayında Zvartnots hava limanı Rusiyaya gedənlərlə dolu idi.

Digər aylarda da miqrasiya tendensiyası davam etdi və təkcə hava limanında deyil, həm də Şengen ölkələrinə və ABŞ-a getmək üçün viza üçün sənədlər hazırlayan viza mərkəzlərinin yanında növbələr düzüldü. Və diqqətçəkən məqam odur ki, bəzi ölkələrin səfirlikləri Ermənistan vətəndaşları üçün uzunmüddətli viza almaq prosesini asanlaşdırdılar. Yunanıstan belə ölkələrdən biridir. Əgər koronavirusdan əvvəl 15 iş günü ərzində viza verilirdisə (və ya ondan imtina olunurdusa), indi Yunanıstan səfirliyi cəmi 2-3 iş günü ərzində viza verə bilər.

Viza Müraciət Mərkəzinə sənəd almaq üçün gələn Ayk Qriqoryan (əsl adı dəyişdirilib) ailəsi ilə birlikdə Salonikiyə köçməyi planlaşdırır.
 

Onun əmisi oğlu ailəsi ilə orada yaşayır. Ayk Areşdə yaxınlarda təmir edilmiş şəxsi evini qohumunun ailəsinə satıb, indi həyat yoldaşı və uşağı ilə Yunanıstana köçmək istəyir.


"90-cı illərdə Amerikaya gedən qohumlarımız var idi. Mən böyüyəndə bir dəfə atamdan soruşdum ki, niyə o vaxt getməyib, yaxşı və dinc yaşayardıq. İndi isə mənim uşağım o sualı verəcək: “Ata, niyə sən heç nə edə bilmədin?”. Gördüklərimizi uşaqlarımın görməsini istəmirəm”, deyə Ayk bildirib.

O, ümidlərini bu hakimiyyətə bağlamadığını deyir: 
 

"Biz ona (Nikol Paşinyan nəzərdə tutulur) bir neçə dəfə səsimizi vermişik. Kaş heç olmasa bir dəfə insanların yanına gəlib görsəydi ki, necə məyusdurlar. İndi məcburam ki, uşaqlarım haqqında düşünüm”.


Bu ilin 9 ayı ərzində Ermənistanın 103 min vətəndaşı ölkəni tərk edərək geri qayıtmayıb. 2017-ci ilin 9 ayı ərzində 75 min, 2018-ci ildə 42 min, 2019-cu ildə 36 min vətəndaş ölkəni tərk edib. Rəqəmlər göstərir ki, inqilabdan sonra mühacirətin faizi azalıb. Amma indi mənzərə başqadır.

Səbəb inqilabdan gözləntilərin yerinə yetirilməməsi, müharibə və ya müharibədən sonrakı xaosla bağlıdır. İrəvan Zvartnots hava limanı Rusiyaya uçmaq istəyən sərnişinlərlə doludur. 

Hazırda miqrasiyanın sürəti narahatlıq doğurmaya bilməz. Müstəqillik əldə etdikdən sonra 30 il ərzində (1991-2020) Ermənistana köçənlərin sayı ilə mühacirlərin sayı arasındakı fərq 1 milyon 250 min nəfərdir. Əhalinin artımına repatriasiya yolu ilə nail olmaq olar, lakin ekspertlər hesab edir ki, bunun üçün ölkədə əlverişli şərait, iqtisadi yüksəliş, ən əsası isə gələcəyə inam olmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO