Gürcüstan Səhiyyə Nazirliyi tərəfindən təyin edilmiş bir qrup həkim keçmiş prezident Mixeil Saakaşvilini Qori şəhərindəki xəstəxanalardan birində ziyarət edib.
Bizim.Media “Novosti-Georgia” nəşrinə istinadən xəbər verir ki, həbsxana xəstəxanasından klinikaya köçürüldükdən sonra Saakaşvili 50 gündür davam edən aclıq aksiyasına son qoyacağını açıqlayıb.
Onun şəxsi həkimi Nikoloz Kipşidze qeyd edib ki, orqanizmin bərpası prosesi uzun müddət çəkəcək.
Bugünkü səfərdən sonra həkimlər Saakaşvilinin müəyyən sxem üzrə yeməyə başladığını bildiriblər. Onların sözlərinə görə, "müəyyən şikayətləri" olsa da, Mixeil Saakaşvilinin səhhəti yaxşılaşıb.
“Biz xəstənin klinik vəziyyətini qiymətləndirməyə gəldik. Dinamikada vəziyyət həqiqətən də yaxşılaşıb, o, stabildir, yaxşı komanda ona tamamilə adekvat terapiya göstərir”, - deyə həkimlər bildirib.
Bizim.Media