Ermənistan parlamentinin sədr müavini, “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan baş nazir Nikol Paşinyanın Qarabağda hərbi əməliyyatlar günlərində parlamentdənkənar qüvvələrlə keçirdiyi üç görüşünün tam qeydini dərc etməyi tələb edib.
Bizim.Media xəbər verir ki, bu haqda Saqatelyan “Facebook”da status yazıb.
Bildirib ki, oktyabrın 27-də parlamentdə hökumət saatında baş nazir onun adını çəkib.
“Hayastan” fraksiyasının deputatı Kristine Vardanyanın çıxışına cavab olaraq baş nazir deyib ki, guya onu yaxın silahdaşları həmin görüşlərin məzmunu ilə bağlı aldadıblar.
“Mən tələb edirəm ki, Daşnaksütyun partiyasının nümayəndələrinin müharibə zamanı Nikol Paşinyanla üç görüşünün tam protokolu 24 saat ərzində ictimaiyyətə açıqlansın. Görək nədən danışılıb. İnsanları aldatmağı dayandırın. Mən hər şeyi öyrənməliyəm”, Saqatelyan belə deyib.
Deputat qeyd edib ki, Paşinyan tələblərini yerinə yetirməsə, yalançı və böhtançı olduğunu sübut edəcək.
Xatırladaq ki, müxalifət hazırkı hakimiyyəti Qarabağda məğlub olmaqda və 2020-ci il noyabrın 9-da gizli şəkildə tam atəşkəs haqqında üçtərəfli bəyanat imzalamaqda ittiham edir.
Buna cavab olaraq Ermənistan hökumətinin başçısı Nikol Paşinyan iddia edir ki, parlamentdənkənar qüvvələr baş verənlərdən xəbərdar olub.
Bizim.Media