Ermənistan parlamenti Qarabağla bağlı müxalifət fraksiyalarının (“Hayastan” və “Mənim şərəfim var”) tərtib etdiyi bəyanatı qəbul etməyib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Armenia” nəşri yayıb.
“Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Ayk Konjoryan deyib ki, bəyanatda təkcə xarici deyil, həm də daxili siyasətə də toxunulub:
“Belə mühüm məsələ ilə bağlı sənəddə konsensus olmalıdır”.
“Mənim şərəfim var” blokunun deputatı Tiqran Abramyanın oxuduğu bəyanatda Azərbaycan və Türkiyənin “Artsax”a (Azərbaycanın işğalda olan torpağı) qarşı genişmiqyaslı əks-hücum əməliyyatı (rəsmi Bakı öz ərazilərini geri qaytarıb) pislənilib.
Ermənilərin iddiasına görə, hərbi əməliyyatlar başa çatdıqdan sonra da hərbi əsirlərə və mülki girovlara qarşı beynəlxalq hüquq kobud şəkildə pozulub, eləcə də “Artsax”a qarşı davamlı təxribatlar törədilib və Ermənistanın suveren ərazisinə (həmin torpaqlar Azərbaycana məxsusdur) təcavüz də edilib.
Guya Azərbaycan nifrət ritorikasından istifadə etməklə ermənifobiyanı qızışdırır, birtərəfli və təhrif olunmuş məlumatlar yayır, Ermənistana (İrəvan da daxil olmaqla, Zəngəzur və Göyçə mahalı tarixən Azərbaycana məxsus olub) torpaq iddiası irəli sürür.
Bəyanatda deyilir ki, münaqişə yalnız ATƏT-in Minsk qrupu formatında danışıqlar yolu ilə həll edilməlidir.
“Ermənistanı təmsil edən heç bir şəxs qeyd olunan tələblərə zidd olan yazılı və ya şifahi danışıqlar (Paşinyan nəzərdə tutulur) apara bilməz”, - deyə Abramyan bildirib.
Konjoryan təəssüflə bildirib ki, bəyanatın mətni parlament çoxluğu ilə müzakirə olunmayıb və “Vətəndaş müqaviləsi”nin rəyi nəzərə alınmayıb.
"Ona görə də biz səsvermədə iştirak etməyəcəyik", - Konjoryan bildirib. Nəticədə bu şərtlər daxilində layihə qəbul edilməyib.
Bizim.Media