İranın son dönəmlərdə regional siyasətində gərginliyin böyüməsinə xidmət edən hərəkətlərə yol verməsi bölgədə hərəkətliliyin artmasına səbəb olub. Xüsusilə də, Gorus-Qafan yolunda iki iranlı sürücünün saxlanılmasından sonra Tehranın Bakı ilə münasibətində soyuqlaşma müşahidə olunur.
Bundan əlavə, İranın Azərbaycanla sərhəddə yaxın bölgələrdə hərbi təlimlər keçirməsi və Bakının bununla paralel olaraq Türkiyə ilə birgə Naxçıvan ərazisində təlimlərə start verməsi sadalanan tərəflər arasındakı gərginliyin əyani sübutu kimi qiymətləndirilə bilər.
Lakin...
Bakıda səfərdə olan İran xarici işlər nazirinin müavini ölkəsinin bəzi nümayəndələrindən fərqli olaraq “Azərbaycan-Türkiyə-İran arasında üçtərəfli münasibətlər” mövzusunda keçirilən konfransda Tehranın Bakı və Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib.
MÖVZU İLƏ BAĞLI:
İran Azərbaycanla sərhədə hücum hərbi texnikası yerləşdirdi – TEHRAN MÜHARİBƏYƏ BAŞLAYIR?
Belə olan halda isə, maralı bir sual ortaya çıxır:
İran həqiqətən də, yol verdiyi yalnışları dərk edərək onları düzəltməyə çalışır yoxsa əvvəlki dövrlərdə olduğu kimi yenə də ikili oynayır?
Ümumilikdə, son baş verən proseslərdən sonra Tehranın Cənubi Qafqaz siyasətində bu və ya digər formada transformasiyaya gedəcəyini təxmin etmək olardı. Xüsusilə də, Azərbaycanın öz mövqeyini açıq şəkildə ortaya qoyması və hər kəsə lazımi formada cavab verməsi İranın müəyyən dəyişikliklərə getməyə məcbur edə bilər.
Belə ki, rəsmi Bakı cənub qonşumuzun diplomatik tələblərə və çağırışlara məhəl qoymamasına cavab olaraq lazımi tədbirlər görməyə başladı:
1. İlk olaraq, rəsmi Bakının razılığını almadan Qarabağın ermənilər yaşayan hissəsinə Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolundan istifadə edərək, yük daşımalarına davam edən İran şirkətlərindən gömrük rüsumları tutulmağa başlanıldı.
2. Daha sonra isə, daşınmalar zamanı qanunsuzluğa yol vermiş iki sürücü Azərbaycan tərəfindən saxlanıldı.
3. Azərbaycan İranın “gövdə nümayişi” üçün Qarabağla sərhəd bölgələrdə hərbi təlimlərə start verməsinə, Türkiyə ilə birgə Naxçıvanda cavab verdi.
4. Azərbaycan tərəfi çıxışlarında İran rəsmilərinin gərginliyi artan açıqlamalarına eyni sərtliklə qarşılıq verdi.
Təbii ki, bu sadalananlardan əlavə İranın mövcud vəziyyətini də nəzərə aldıqda, rəsmi Tehran üçün bölgədəki əsas güclərdən ikisinə qarşı (Azərbaycan və Türkiyə) düşmən mövqeyi tutmağın heç də uğurlu strategiya olmadığını başa düşmək olar.
Eyni zamanda min illərdir birgə yaşamağa davam edən iki böyük etnos – türklər və farslar konfliktə yol aça biləcək hərəkətlərə yol verilməsi ilk növbədə İranın daxilində böyük parçalanmalara səbəb ola bilər.
Lakin İranın uzun illərdir şahidi olduğumuz kimi, üzdə Azərbaycanı dost ölkə kimi təqdim edib, eyni zamanda Ermənistana dəstək verməyə davam etməsi ehtimalı da öz aktuallığını itirməyib.
Ümumilikdə isə, iranlı diplomatın ölkəsinin “Üçtərəfli Əməkdaşlıq”da maraqlı olmasını bölgədə davam edən proseslər fonunda müsbət addım hesab etmək olar.
Belə olan halda isə, fikirlərimizi Hacı Allahşükür Paşazadənin Ərdəbil imamına verdiyi cavabda da qeyd edildiyi kimi “hər birimiz üçün dostluq, sülh və dinclik müharibədən daha yaxşıdır” sözləri ilə yekunlaşdırmaq daha uyğun olardı.
Murad Əhmədov, Bizim.Media