“2018-ci ildə Qarabağ danışıqları ilə bağlı sələflərimdən aldığım bütün mətnləri yayımlamadım”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.
Paşinyan çərşənbə axşamı Ermənistan parlamentində deputatların suallarını cavablandırarkən "İndi bunu səhv addım kimi qəbul edirəm" deyib.
“Ermənistan” blokunun nümayəndəsi Armenuhi Kyuregyan Paşinyandan sələflərinin müharibədəki məğlubiyyəti onun üzərinə qoyduqları ilə razılaşıb -razılaşmadığını soruşub.
Baş nazir üçüncü prezident Serj Sarkisyanın 2018-ci ilin aprelində dediklərini xatırladıb:
“Münaqişənin danışıqlar yolu ilə həll edilməsi imkanları əslində tükənib və proses çıxılmaz vəziyyətdədir”.
Paşinyana görə, Ermənistan sona qədər mübarizə aparıb və vuruşub.
Erməni maraqlarına xəyanət ittihamlarına gəlincə, o, hesab edir ki, bütün bu suallara Dağlıq Qarabağdakı 44 günlük müharibənin şərtləri araşdırıldıqdan sonra cavab veriləcək.
Qeyd edək ki, Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan dəfələrlə respublikanın keçmiş hakimiyyət orqanlarını ittiham edib ki, onlar əraziləri Azərbaycana vermək niyyətində olub.
Bizim.Media