Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan oğlunun Azərbaycanda saxlanılan əsirlərlə mübadilə təklifinin rəsmi olaraq Bakıya göndərilməsini tapşırıb və qeyd edib ki, oğlu bu şərt daxilində Azərbaycana getməyə hazırdır.
Bizim.Media xəbər verir ki, Paşinyan bunu çərşənbə günü Şirak bölgəsinin Mets Mantaş kəndində vətəndaşlarla görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
"Azərbaycandakı əsirlərin əvəzinə oğlumu təklif edirəm" - Paşinyan
Qeyd edək ki, dünən Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın bəyanatına cavab olaraq, açıq şəkildə Azərbaycan Prezidenti İlham Əliyevə oğlunu Bakıdakı bütün əsirlərlə dəyişdirməsini təklif edib.
Paşinyan bu addımı ümidsizlikdən atmadığını sözlərinə əlavə edib: “Onsuz da əsirlərin vətənlərinə qaytarılması üçün intensiv iş aparılır. Detalları açıqlamaq istəmirəm, çünki bu, prosesi ləngidə bilər”.
Xatırladaq ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Paşinyana təklif etmişdi ki, o, öz oğlunu Azərbaycanda saxlanılan 20-25 erməni əsgəri ilə dəyişdirsin.
Öz növbəsində, Ermənistan Ombudsmanı Arman Tatoyan bu mövzunun spekulyasiya xarakterli olduğunu bildirib.
Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Seçki kampaniyası rəsmi olaraq 7 iyunda başlayıb.
Bizim.Media