Martın 17-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan bildirib ki, qondarma rejimdə “ordu”nun inkişaf planını və digər sənədlərini Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi təqdim edir, Ermənistan rəhbəri isə təsdiqləyirdi.
Bizim.Media xəbər veirr ki, o, ifadəsində qondarma rejimin “prezident”inin bu məsələ ilə bağlı heç bir səlahiyyətinin olmadığı etiraf edib.
Təqsirləndirilən şəxs ifadəsində 2020-ci ildə 44 günlük müharibə zamanı Arayik Harutyunyanın tapşırığı ilə Talış kəndi və cənub istiqamətində döyüş bölgəsində artilleriya bölməsində olduğunu da etiraf edib. “Gəlib dedim ki, orada qanunsuzluq hökm sürür, bardakdır”, - deyə o əlavə edib.
O, Qarabağa minaların Ermənistandan gətirildiyini də etiraf edib və bildirib: “Ermənistanda piyadaəleyhinə mina istehsal olunurdu”.
Daha sonra Levon Mnatsakanyana aid sənədlər tədqiq olunub. Dövlət ittihamçısı bildirib ki, erməni dilində sənədlərin tədqiqi ilə Levon Mnatsakanyanın məhkəmədə verdiyi ifadə təsdiqlənib.
Bizim.Media