Ermənistanın keçmiş prezidenti, “Hayastan” blokunun lideri Robert Köçəryan Levon Ter-Petrosyanın Qarabağ münaqişəsinin həllinin açarının Rusiyanın əlində olduğu ilə bağlı səsləndirdiyi yanaşmaya münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
Mənbə yazır ki, bu fikir ilk prezident Levon Ter-Petrosyan tərəfindən dəfələrlə ifadə edilib.
Çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Köçəryan belə bir açıqlama ilə qətiyyən razılaşmadığını vurğulayıb:
"Bu, həll yolunun açarı yalnız bir yerdə deyil. Bu, çox sadələşdirilmiş bir təfsirdir. Münaqişənin tərəfləri, orada iştirak edən aktyorlar və üç həmsədr var".
Köçəryana görə, Rusiya son hadisələrdə əhəmiyyətli rolu ilə seçilib:
“Ancaq açarın yalnız bir yerdə olduğunu düşünmək, çox primitivdir”.
Xatırladaq ki, Rusiya ABŞ və Fransa ilə yanaşı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Erməni tərəfi Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında həllinə dair danışıqların bərpa olunmasının tərəfdarıdır.
Rəsmi Bakı isə bu münaqişənin artıq həll edildiyini qeyd edib.
Bizim.Media