Ermənistan hökuməti dövlət himninə dəyişiklik layihəsini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" nəşri yazıb.
Mənbə qeyd edir ki, iclasda öncə Ermənistan parlamentinin sədri Alen Simonyan və hakim “Vətəndaş müqaviləsi” fraksiyasının iki müavini Taquhi Qazaryan və Sisak Qabrielyan “Ermənistanın himni haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış ediblər.
Baş nazir Nikol Paşinyan çıxış edərək bildirib ki, layihənin hazırlanmasında özü də iştirak edib.
Xüsusilə, himnin son bəndinin birinci bənddən sonra qoyulması təklif edilib. Nəticədə himn “Millətinin azadlığı uğrunda ölən nə bəxtiyardır” sözləri ilə deyil, “Ermənistan həmişə şöhrətlənsin” sözləri ilə bitəcək.
İclasda çıxış edən Təhsil, Elm, Mədəniyyət və İdman Nazirinin müavini Daniel Danielyan qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, himn məktəblər və ali təhsil ocaqları ilə yanaşı, uşaq baxçalarında və kolleclərdə də oxunacaq.
“Bundan əlavə, mövcud qanuna əsasən, himn idman tədbirlərində mükafatlandırma mərasimlərində də səslənməlidir”, - Danielyan bildirib.
Digər dəyişiklik isə ondan ibarətdir ki, Ermənistan hökuməti tədbirin xüsusiyyətləri və məhdud efir vaxtı olduğu halda himnin qısaldılmış variantını hazırlamalıdır. Bununla bağlı Təhsil və Elm Nazirliyinə tapşırıq verilib.
Paşinyan əlavə edib ki, himn müxtəlif yerlərdə fərqli ifa olunur, bu da çaşqınlıq yaradır.
Onun sözlərinə görə, bu "fundamental problem" layihə çərçivəsində həll edilməlidir:
“Hər hansı tədbir təşkil edəndə himndən daha çox su, şərab, bastırma və sucuğa diqqət yetiririk, ona görə də “YouTube”da himnin minlərlə növü var".
Bizim.Media