Xəbər verdiyimiz kimi, noyabrın 11-dən Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işini davam etdirir. Bu iqlim konfransında təkcə qlobal istiləşmə ilə bağlı problemlər müzakirə edilmir, həm də perspektivlər müzakirə edilir. Konfransa qatılan hər kəs sivilizasiyanı qlobal istiləşmədən xilas etmək üçün öz təklifini təqdim edir. Təbii ki, səslənən təkliflər arasında Azərbaycan rəsmilərinin fikirləri xüsusi diqqətlə dinlənilir.
Bu da səbəbsiz deyil. Çünki Azərbaycan 30 il davam edən ekoloji müharibədən əziyyət çəkib. Ermənistanın işğalı nəticəsində Azərbaycan ekosistemi böyük ölçüdə zərər görüb.
Ermənistanın ekoterror və ekosidi nəticəsində Azərbaycana dəyən ziyan
Ekspertlərin ilkin hesablamalarına görə Ermənistanın işğal olunmuş ərazilərdə ətraf mühitə və təbii resurslara vurduğu zərərin ümumi həcmi 265,3 milyard dollar dəyərindədir. Bu isə Azərbaycanın hazırkı ümumdaxili məhsulundan 2,5 dəfə, Ermənistanın ÜDM-indən isə 9 dəfə böyük bir rəqəmdir. Belə görünür ki, 30 illik işğal dövründə Ermənistanın vurduğu ekoloji zərəri hələ uzun illər bərpa etmək mümkün olmayacaq.
Amma təəssüflər olsun ki, beynəlxalq aləm, ABŞ və digər böyük dövlətlər Ermənistanın ekoterroruna və ekosidinə qarşı hələ də biganə qalırlar.
Halbuki, Ermənistanın Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə vurduğu ziyan bəşəriyyətə və insanlığa qarşı yönələn terror və ekosiddir.
Ekologiyaya qənim kəsilmiş ermənilər işğal etdikləri ərazilərdə meşəzolaqlarının vəhşicəsinə qırılmasını və yandırılmasını, Araz çayı və qollarının çirkləndirilməsinı, flora və fauna növlərinin məhv edilməsinı, mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsini dövlət siyasətinə çevirmişdilər.
Nəzərə alaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunmuşdu. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri vardı. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir.
Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu ki, hazırda onların çox məhv edilib.
Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri uzun illər fasiləsiz olaraq ermənilər tərəfindən talan edilib. Böyük əhəmiyyətə malik olan təbiət abidələrinin əksəriyyəti həmin ərazilərdə məskunlaşmış ermənilər tərəfindən məhv edilib.
Kəlbəcər rayonunda “Qırmızı kitab”a daxil edilmiş 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları da kütləvi şəkildə qırılaraq xaricə satılıb. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ bitki var ki, bunlardan 200-ə qədəri dərman bitkiləri olmaqla, onlar da xarici şirkətlər tərəfindən kütləvi şəkildə talan olunaraq xaricə daşınıb. Bu isə bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə səbəb olub.
Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 metr olan “Xan Mağarası” da işğaldan əvvəl mühafizə olunurdu. Həmin abidələr də amansızlıqla məhv edilib və ya digər məqsədlər üçün istifadə olunub.
Ölkənin ən zəngin faydalı qazıntı yataqları, o cümlədən 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları 11 min yeraltı su və 10 mineral su yataqları 30 il ərzində Ermənistan tərəfindən istismar edilib, dağıdılıb.
Suyumuz necə zəhərlənir?!
Ermənistandan Azərbaycana 20-dən çox irili-xırdalı çay gəlir. Həmin çaylar Ermənistan ərazisində çirkləndirilir. Bu proses indi də davam edir. Çaylarımız bu gün də təhlükəli tullantılarla - qurğuşun, arsen, sink, molibdenlə çirkləndirilir. Ağır metallarla çirklənmiş çaylarla birbaşa təmas insanda müxtəlif sağalmaz xəstəliklərə yol açır.
Oxçuçayın hövzəsi Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilir. 2020-ci ilin dekabrından transərhəd çaylarından analizlər götürülür. Çaylardan 158 su, 180 dib çöküntüsü nümunəsi götürülüb. Su nümunələrində aparılan təhlillər göstərib ki, çirkləndiricilər normadan yüksəkdir.
Çay ağır metallarla çirkləndirilir. Ən narahatedicisi isə odur ki, Oxçuçayın tərkibində olan ağır metallar və digər kimyəvi maddələr artıq qrunt sularına da, yeraltı sulara da keçir.
Təhlillərə görə, mis, qurğuşun, dəmir və digər elementlər normadan dəfələrlə artıqdır. Mikrobioloji təhlillərə görə də çay suyu çirkli hesab olunur. Bəsitçayda, Bərgüşad və Araz çaylarında da nəticələr demək olar eynidir.
Dünya isə susur...
İşğal olunmuş ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş Katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidentinə rəsmi müraciətlər edilib, beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Amma bu günə qədər Ermənistana qarşı heç bir cəza tədbiri görülməyib.
Baxmayaraq ki, əksər faktları beynəlxalq təşkilatlar da etiraf edib. Məsələn, BMT-nin 2000-ci ildəki İnsan İnkişafı Hesabatında göstərilib ki, Ermənistanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğalı nəticəsində Azərbaycana təxminən 53,5 milyard dollar məbləğində ümumi iqtisadi zərər vurub.
Hüquqşünaslar hesab edirlər ki, dünyada baş verən hərbi münaqişələrdən sonra vurulan ziyanı ödəmək üçün ölkələr qarşısında öhdəlik yaradan bir sıra digər hüquqi aktlar da var. Belə konvensiyalar da, başqa beynəlxalq hüquqi normativlər də tarixi və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi, onlardan istifadə və ümumilikdə insanların mədəni hüquqlarının müdafiəsi ilə bağlı müddəaları təsbit edir.
Ermənistan COP29-a da buna görə gəlmədi
Məhz bu cinayətlərə cavab verməkdən qorxan rəsmi İrəvan COP29-un tədbirlərinə qatılmadı. Əslində, Paşinyan iqtidarı öz qərarları ilə öz cinayətlərini etiraf etmiş oldular. İndi qalır Beynəlxalq Ədalət Məhkəməsi və digər qurumların Ermənistanın törətdiyi cinayətlərə hüquqi qiymət verməsi...
Surxay Atakişiyev, Bizim.Media