Gürcüstanın Dmanisi ərazisində gürcü mənşəli “savnlar”la azərbaycanlılar arasında düşən davada erməni təxribatının olduğu iddia olunur.
MÖVZU İLƏ BAĞLI:
Dmanisidə situasiya yenidən gərginləşdi - Azərbaycanlıların etirazı başladı - VİDEO
Bizim.Media xəbər verir ki, iqtisadçı Natiq Cəfərli də öz “Facebook” səhifəsində bu iddianı irəli sürüb.
İqtisadçı məsələ ilə bağlı fikirlərini bölüşərkən bu barədə bir neçə maraqlı faktlara toxunub:
“Dmanisi (Başkeçid) Gürcüstanın strateji bölgəsidir, Ermənistanla sərhəddir, elə kəndlər var ki, Ermənistandan bir neçə metr ayırır, ona görə də, o bölgəyə çox həssas olmaq lazımdır, çox güman Ermənistan xüsusi xidmət orqanları oralarda ciddi fəaliyyət göstərir. İstənilən provokasiyalara ancaq hüquq müstəvisində cavab verilməlidir, kimlərsə orada qanlı ədavət salmağa çalışır”.
Bundan başqa iqtisadçı ikinci bir məsələyə də diqqət çəkib. O, bildirib ki, Gürcüstan hökümətinin o ərazilərə etnik azlıq sayılan “svan” millətini yerləşdirməyin özünün bir səhv olduğunu da qeyd edib.
“Dumanisidə heç vaxt "svanlar" yaşamayıb, onları keçən əsrin 90-cı illərində iki səbəbə görə Bolnisə və Dmanisə köçürülüb:
1) Abxaziya hadisələri,
2) Böyük daşqın nəticəsində bir neçə kəndin dağılması səbəbindən.
O zaman Gürcüstan hökuməti "svanları" məhz türklərin çox sıx yaşadığı bölgələrə köçürməklə həmin bölgələrdə etnik tərkibə təsir etmək istəyirdilər”.
Sonda iqtisadçı azərbaycanlıları heç bir vəchlə təxribata gedib ara qarışdırmaqda maraqlı olan qüvvələri uymamağa çağırıb.
“Azərbaycan - Gürcüsran dostluğu, əməkdaşlığı region üçün də, hər iki xalq üçün də həyati əhəmiyyətə malikdir. Ona görə də provokasiyalara uymamalı, soyuq başla, hüquq çərçivəsində bütün problemlər çözülməli, bizim hökumət bu məsələni daim diqqətdə saxlamalıdır. Orada yaşayan türklər isə gürcü dili öyrənməli, siyasətə aktiv qarışmalı, seçkili orqanlarda daha çox təmsilçilik qazanmalıdır...”
Xatırladaq ki, mayın 16-da Gürcüstanın Dmanisi rayonunda "svanlar" azərbaycanlıya məxsus bir mağazaya hücum edərək, mağazanın qapı-pəncərəsini sındırıblar və oradakı yerli sakinləri döyüblər.
Vüsalə Balayeva, Bizim.Media