Zatulindən növbəti SƏRSƏMLƏMƏ – Rus deputatın erməni sevdası yenidən ALOVLANIB...

Zatulindən növbəti SƏRSƏMLƏMƏ – Rus deputatın erməni sevdası yenidən ALOVLANIB...

Hazırda oxunan: Zatulindən növbəti SƏRSƏMLƏMƏ – Rus deputatın erməni sevdası yenidən ALOVLANIB...

209815

Bəzi insanlar var ki, etdikləri, danışdıqları heç nəyi dəyişməsə də, insanlarda qıcıq yaratmağı bacarır. Belələri üçün maraqlı bir deyim də mövcuddur:

“Milçək bir şey olmasa da, ürək bulandırır”
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyandan Zatulinə STOP qadağası - Ermənipərəst rusiyalı deputat İrəvana buraxılmayacaq


Bu deyim Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin obrazına tam uyğundur. 

Xalqımızın yaxşı tanıdığı Zatulin yenə də öz ampluasındadır. Daim ermənipərəst, təxribatçı açıqlamaları ilə seçilən rus deputat yenə də Qarabağ mövzusunda yalanlar uydurmağa başlayıb. O utanmadan gorbagor olmuş qondarma rejimə təbrik məktubu yazıb. Zatulin yazdığı cızma-qarada utanmazcasına reallıqları təhrif etməklə yanaşı, Bakıda həbsdə olan keçmiş separatçıların halından da ürək ağrısı ilə bəhs edib.

Qarabağda Azərbaycanın suverenliyinin tam bərpasından 1 ilə yaxın vaxt keçdiyi bir dövrdə Zatulinin niyə bu açıqlamanı verməsi bəziləri üçün gözlənilməz ola bilər. Ancaq burada təəccüblü heç nə yoxdur.

Çünki...

Zatulinin siyasi keçmişinə nəzər salsaq, onun əsas peşəsinin Azərbaycanı hədəf almaq, Bakı-Moskva münasibətlərinə kölgə salmaq olduğunu görə bilərik. O, hər il 2 sentyabr tarixində qondarma rejimə təbriklər yazmağı özü üçün mənəvi borc hesab edir.

Digər tərəfdən, son dövrlərdə Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir. 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik haqqında Moskva Bəyannaməsi Azərbaycanla Rusiya arasında münasibətləri daha da möhkəmləndirib. Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putinin son səfəri zamanı da ölkələrimiz arasında bir sıra mühüm sənədlər imzalandı. Bütün bunlar Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi.

Belə bir vəziyyətdə bu münasibətləri pozmaq istəyən zatulinkimilərin əl-ayağa düşməsi anlaşılandır. Görünən qədərilə, erməni dezinformasiya siyasətinin sadiq nökəri olan Konstantin ona gələn sifarişləri yerinə yetirmək, Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq üçün hərəkətə keçib, daha doğrusu keçirilib.

Bu Zatulinin ilk sərsəmləməsi deyil

Qarabağ məsələsində rus deputatın hər zaman ermənilərin sadiq nökəri olduğu bəllidir. Zatulin işğal dönəmində, daha dəqiqi 2019-cu ildə Xankəndinə səfər edib, separatçıların başçısı Bako Saakyanla görüşərək hansı yuvanın quşu olduğunu bəlli etmişdi. 

O, 2022-ci ilin sentyabrında Qarabağdakı qondarma rejimə “Müstəqillik günü” münasibətilə təmtəraqlı təbrik məktubu cızma-qara etməklə öz simasını bir daha göstərmişdi. Bu ilin mayında isə Zatulin abırsızcasına iddia etmişdi ki, guya Azərbaycan Qarabağdakı “erməni kilsələrini” zorla albanlaşdırır.

Zatulinin bu cür təxribatlarına xeyli sayda misal göstərə bilərik. 

Ancaq bir məqamı xatırlatmaq yerinə düşər

Ermənilərin sadiq qulluqçusu olan Konstantin bu “xidmət”inin qarşılığını Ermənistanda “layiqincə” alıb. Belə ki, 2022-ci ilin oktyabrında onun Ermənistana girişi qadağan edilib. Yəni, İrəvan hakimiyyəti belə Zatulinə hörmət qoymur. Heç Zatulinin özü də özünə hörmət qoymur. Əgər özünə sayğısı olsa idi, onu “persona-non-grata” elan edən ölkənin xeyrini bu qədər güdməzdi.

Bütün bunlar isə Zatulinə sifarişin erməni diasporundan gəldiyini göstərir. Çünki məhz erməni diasporu Azərbaycan-Rusiya münasibətlərinin pozulması üçün daim əlindən gələni etməyə çalışır. Bu məqsədlərinə çatmaq üçün də Zatulin kimi pula nökər olanları maşa kimi istifadə edirlər.

Bütün bu cəhdlər əbəsdir.

Ona görə ki, Azərbaycan-Rusiya münasibətlərinin zatulinkimilərin pafoslu sərsəmləmələri ilə pozulması mümkün deyil. Əgər Zatulinin yalanlarının hər hansı siyasi təsiri olsa idi, gərək Rusiyanın Türkiyə və Azərbaycanla münasibətləri çoxdan pozulardı. Ancaq hazırki vəziyyət ortadadır. Rusiyanın Azərbaycanla və Türkiyə ilə münasibətləri günü-gündən inkişaf edir.

Yəni, Zatulin sadəcə böyük siyasətin kiçik “peşka”sıdır. Milçək kimi ürək bulandırmaqdan başqa əlindən heç nə gəlmir, gəlməyəcək də.

Ancaq istənilən halda Rusiya Prezidentinin siyasətinə qarşı hərəkət edən Zatulinə partiyadaşları reallıqları xatırlatmalıdırlar. Əks halda onların susqunluğu Zatulinin əməllərindən razılıq əlaməti kimi görünəcək... 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO