15-24 iyul tarixlərində İrəvanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə “Eagle Partner” hərbi təlimləri keçiriləcək.
Bu təlimlər Rusiya siyasi dairələrində əvvəllər də narahatlıq doğurmuşdu. Görünən odur ki, Ermənistan Rusiya ilə strateji müttəfiqliyinə son qoymaq istəyir və yeni müttəfiq axtarışındadır.
Bəs Rusiyanın Ermənistanın bu addımına reaksiyası necə olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan politoloq Tural İsmayılov qeyd edib ki, artıq bununla neçənci dəfədir ki, ABŞ ordusu Ermənistanda hərbi təlimlər keçirir:
MÖVZU İLƏ BAĞLI:
Ermənistan MDB-yə də "yox" deyir - Rusiyanın reaksiyası necə olacaq?
“Əlbəttə, bu gün rəsmi olaraq KTMT-ni tərk etməyən, həmçinin Gümrü şəhərində Rusiyanın hərbi bazası olan Ermənistanda ABŞ-nin hərbi təlimlər keçirməsi Rusiyanı ciddi narahat edir. Bütövlükdə Ermənistan ərazilərində Qərb kəşfiyyatı üçün geniş imkanlar yaradılıb. Avropa İttifaqının “Mülki müşahidə missiyası” adı altında əvvəlcə oraya bir qrup köhnə hərbi qulluqçunun daxil edilməsi Rusiyanı ciddi narahat edirdi. Rusiya Xarici Kəşfiyyat Xidmətinin hazırladığı hesabatlarda biz bu narahatlığı çox açıq və aydın formada görürdük. Digər tərəfdən nəzərə almaq lazımdır ki, ABŞ-nin daha əvvəl Ermənistanda keçirdiyi təlimə də Rusiyanın diplomatik rəhbərliyi kəskin münasibət ortaya qoymuşdu. Rusiya bu məsələlərlə bağlı Ermənistanla münasibətlərində yaranan çatların daha da dərinləşməsini müşahidə edir”.
Rusiya radikal addım atsa, Ermənistanı itirə bilər
Ekspert qeyd edib ki, Ermənistan böyük güc faktoru deyil:
“Rusiya Ukrayna ilə müharibə apardığı bir dövrdə çətin ki, Ermənistanın əleyhinə hansısa hərbi addımla bağlı qərar versin. Son təlim ilə bağlı çox güman ki, Rusiya iqtisadi təzyiq siyasəti ilə cavab verməyə çalışacaq. Fikrimcə, bu da Ermənistanın iqtisadi asılılıqda Rusiyadan qurtulmaq üçün Qərbdən alternativ imkanlar axtarmasına səbəb olacaq”.
Məhərrəm Əliyev, Bizim.Media