Qonşuluğumuzdakı TƏHLÜKƏ – Quru sərhədlərin bağlı qalmasının ƏHƏMİYYƏTİ – TƏHLİL 

Qonşuluğumuzdakı TƏHLÜKƏ – Quru sərhədlərin bağlı qalmasının ƏHƏMİYYƏTİ – TƏHLİL 

Hazırda oxunan: Qonşuluğumuzdakı TƏHLÜKƏ – Quru sərhədlərin bağlı qalmasının ƏHƏMİYYƏTİ – TƏHLİL 

198962

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb. 

Karantin rejiminin müddəti niyə uzadılır?

Bu qərar daha çox strateji yönümlüdür. Yəni karantin rejiminin uzadılması o demək deyil ki, pandemiya təhlükəsi var. Bu qərarın verilməsində hədəf ölkəninin təhlükəsizliyi və ictimai-siyasi sabitlikdir. 

Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda quru sərhədlərin bağlı qalmasının təhlükəsizlik baxımından önəmindən söz açmışdı:

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb. Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik”.

Məlumdur ki, Qafqaz olduqca həssas bölgədir. 

Bura təkcə Avropa ilə Asiyanın birləşdiyi yer deyil, həm də dinlərin qovşağıdır. Bu bölgə bəlkə də dinlərin ən çox təmsil olunduğu məkandır. Qafqaz kimi kiçik ərazidə ən azı 4 dinin və 10-a yaxın təriqətin təmsilçiləri yaşayır. 

İndiki zamanda isə dini radikalizm ən qorxulu təxribat növüdür. Məsələn, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Nəticədə onlarla insan həyatını itirib və yaralanıb. 

Təbii ki, o radikal dini qruplar xarici qüvvələrin dəstəyi və təşkilatçılığı ilə bu dəhşətli və insanlığa sığmayan təxribatı törədiblər. 

Nəzərə alaq ki, bu və bundan əvvəl Moskvada baş verən terror hadisəsi zamanı məlum oldu ki, təşkilatçılar və iştirakçılar tez-tez xaricə gedib gəlirlərmiş. Təbii ki, terrorçuların ən rahat hərəkəti üçün yerüstü nəqliyyat əvəzsizdir. Ona görə də sərhədlərin bağlı qalmasının ictimai və dövlət təhlükəsizliyi baxımından əhəmiyyəti böyükdür.

Tiflis qaynar qazanı xatırladır.

Hər an vətəndaş müharibəsi başlaya bilər. Bu vəziyyətin yaranmasının bir səbəbi də Gürcüstanın sərhədlərinin açıq olmasıdır. Son bir ayda Gürcüstan 500-ə yaxın əcnəbi vətəndaşı deportasiya edib. Həmin əcnəbilərin çoxu Tiflisdə təşkil olunan mitinqlərin təşkilatçıları sırasında yer alanlardır. 

Bundan əlavə, sərhədlərin açıq olması səbəbi ilə 2022-ci ilin yazında Ukraynadan minlərlə insan Gürcüstana axın etdi. Bunun hesabına da ölkədəki iqtisadi sabitlik pozuldu, qiymətlər bir neçə dəfə bahalaşdı. Bir zaman turist azlığından gileylənən gürcülər indi qaçqınların çoxluğundan şikayət edirlər. 

Nəzərə alaq ki, imkanlı ukraynalılar əsasən Avropaya və Türkiyəyə axın edir. İmkanı olmayan ukraynalılarsa min bir əziyyətlə Gürcüstana gəlib çıxırlar. Həmin qaçqınların bu gün Gürcüstana ancaq ziyanı var. Üstəlik, gələn qaçqınlar ucuz işçi bazarı yaradır. 
Nəticədə yerli sakinlər normal əmək haqqı olan iş tapmaqda çətinlik çəkir. Üstəlik, qonşu ölkədə yerli sakinlərin ev almaq istəyi artıq xəyala çevrilib. Ölkəyə gələn çoxminli qaçqınlar iş və mənzil bazarında gərginlik yaradıb.

Tarixin acı gerçəklikləri

Xatırladaq ki, belə bir problemi Azərbaycan 2007-ci ildə yaşayıb. O zaman xəbərlər yayıldı ki, ABŞ və Avropa dövlətləri İrana hücum edəcək. Bu xəbərdən təşvişə düşən minlərlə cənublu soydaşımız Azərbaycana pənah gətirdi. Nəticədə, bir neçə ay ərzində Azərbaycanda torpağın və mənzillərin qiyməti dəfələrlə artdı. 2006-cı ildə Bakıda 30-35 minə təklif olunan bir otaqlı mənzillər 2007-ci ilin yayında 70-80 minə satılırdı. 

Əgər sərhədlərimiz açıq olsa idi, nəinki Ukraynadan, eləcə də Rusiyadan onminlərlə qaçqın Azərbaycana gələcəkdi. Bu hesaba da əmlak və iş bazarında görünməmiş gərginlik yarana bilərdi. Üstəlik həmin qaçqınların arasında kriminal ünsürlərin olması ehtimalı da böyükdür. Yəni, quru sərhədlərinin bağlanması kriminal ünsürlərin ölkəmizə gəlişinin də qarşısını böyük ölçüdə alır. 

Bir faktı da xatırladaq.

1990-cı illərin sonlarında Rusiyanın Çeçenistanda apardığı hərbi əməliyyatlar nəticəsində minlərlə çeçen ölkəmizə pənah gətirdi. Amma gələnlərin arasında xeyli sayda kriminal ünsürlər də vardı. Nəticədə, 1990-cı illərin sonu 2000-ci illərin əvvələrində KİV-lərin manşetini hər gün “çeçen razborkaları” bəzəyirdi. Adam oğurluğu adi hala çevrilmişdi.

Göründüyü kimi, quru sərhədlərinin bağlı qalması daha əhalinin rahatlığı, ictimai və iqtisadi sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO