Gözlənilən görüş nəhayət baş tutdu. Uzun fasilədən sonra Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin Moskvada bir araya gəldi. Təbii ki, bu görüşə həddən ziyadə maraq var idi. Çünki Ermənistanla Rusiya arasında xeyli vaxt idi ki, soyuq yellər əsirdi. Ona görə də ekspertlər hesab edirdi ki, bu görüşdə nəhayət ki, bu münasibətə aydınlıq gətiriləcək.
Nəzərə alaq ki, görüşün yayımlanan hissəsində görünürdü ki, hər iki lider münasibətlərin nizamlanmasında maraqlıdır. Bir saat çəkən ikili görüşdən sonra isə Putin və Paşinyan mətbuat qarşısına çıxmadı. Sadəcə, görüşdən sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qısa açıqlama verdi. Bildirdi ki, iki ölkə liderlərinin Moskvada keçirilən görüşündə Ermənistanın bir sıra məntəqələrindən Rusiya hərbçiləri və sərhədçilərinin çıxarılması razılaşdırılıb.
Vəssəlam!
Paşinyan niyə susdu?
Maraqlıdır ki, görüşdən iki gün keçməsinə baxmayaraq rəsmi İrəvan heç bir açıqlama verməyib. Halbuki, Paşinyan bir qayda olaraq görüşlərdən sonra geniş açıqlamalar verir. Amma bu dəfə ənənə pozuldu. Paşinyan susmağa üstünlük verdi. Bu da onu göstərir ki, Moskvadakı bir saatlıq danışıqlar kifayət qədər gərgin keçib.
Yəqin ki, müzakirələrdə konkret razılaşmalar da olub. Peskov həmin razılaşmanın az bir qismini açıqlayıb. Onun dediyinə görə Zvartnots hava limanındakı və Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddəki rus hərbçiləri geri çəkiləcək. İlk baxışdan bu addım Paşinyanın nisbi qələbəsi kimi görünə bilər.
Rusiya Ermənistanda qalır
Yəqin ki, Rusiya böyük məqsədlər üçün kiçik hədəflərdən yan keçib. Belə ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğunun davam etdirməsi razılaşdırılıb. Rəsmi Moskvanın da əslində istədiyi bu idi. Çünki son 8 ayda Ermənistanda anti-Rusiya kampaniyası aparılırdı.
Qərbin təzyiqi ilə Ermənistan öz ərazilərindən rus ordusunun çıxarılmasına çalışırdı. 8 may görüşündən sonra bu mövzunun qapanacağı qaçılmazdır.
Bundan başqa görüşün açıq hissəsində Putin birbaşa olaraq qeyd etdi ki, Aİİ-nin bir nömrəli benefisiar Ermənistandır. Bu ölkənin ticarət dövriyyəsi 2015-ci ildən bəri 14 dəfə artıb. Bu, ilk növbədə Rusiya Federasiyasına ixrac hesabınadır.
Rusiya bu faktı təsadüfən demədi. Bu Paşinyana və onun arxasında dayananlara bir xatırlatma idi. Rusiya lideri açıq mətnlə bildirdi ki, bu gün Ermənistan bir dövlət kimi ayaqda qalırsa, bu ancaq Rusiyanın hesabınadır.
KTMT yoxdursa, Aİİ də yoxdur
Vladimir Putin həmçinin bu xatırlatma ilə Paşinyana çatdırdı ki, “KTMT-də yoxsunuzsa, Aİİ-ni də unudun”. Ermənistanınsa Aİİ-dən çıxmaq barədə qətiyyən düşünmür. Ona görə də rəsmi İrəvan siyasi ritorikaları bir tərəfə qoyub KTMT ilə yolunu davam etmək məcburiyyətindədir.
Bu da o deməkdir ki, Paşinyan və onun komandası bundan sonra Rusiyaya qarşı nifrət kampaniyasını dayandıracaq. Eyni zamanda, Qərbə sığınmağa bir müddət ara veriləcək. Bu təkcə Rusiyanın tələbi deyil. Bu həm də Paşinyanın qənaətidir. Çünki erməni baş nazir 5 aprel görüşündən əli boş döndü. Aİ-nin ayırdığı 10 milyon avroya da Macarıstan veto qoydu.
Bütün bunlarsa onu göstərir ki, Paşinyan məcburən Rusiyaya üz çevirəcək. Yəqin ki, yaxın günlərdə iki ölkə arasında yüksəksəviyyəli səfərlər olacaq. Təbii ki, bu səfərlərdə Rusiyanın Ermənistana edə biləcəyi iqtisadi yardımlar gözdən keçiriləcək.
Beləcə, Rusiya yenidən Ermənistanı öz “çətiri” altına alacaq.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
11:40 / 11.05.2024
Ermənistan yenidən Rusiyanın “çətiri” altına qayıdır... – TƏHLİL
Hazırda oxunan: Ermənistan yenidən Rusiyanın “çətiri” altına qayıdır... – TƏHLİL
Hazırda oxunan: Ermənistan yenidən Rusiyanın “çətiri” altına qayıdır... – TƏHLİL
191434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.