Rəsmi İrəvan ixtiyari məsələrə korporativ maraqlar prizmasından baxır. Ona görə beynəlxalq aləmdə ciddi tərəfdaş kimi qəbul olunmur. Bununla belə Ermənistan iddialarından geri çəkilmir. Məsələn, bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan keçirdiyi brifinqdə bildirib ki, Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır:
“Düşünürəm ki, bu, çox yaxşıdır. Buna müsbət yanaşıram. Biz bu məsələni müzakirə etməliyik. Məsələ onda deyil ki, Ermənistanın hazırda istifadə etdiyi qaz Azərbaycana aid deyil. Qaz kəməri çəkmək və qazı təkcə Azərbaycandan deyil, həm də İrandan almaq üçün çox yaxşı variantdır. Bu barədə həmkarlarımla danışacağam”.
Simonyanın bu fikirləri elə təəssürat yaradır ki, guya Azərbaycan Ermənistana qaz satmağa hazırdır, sadəcə bu məsələ rəsmi İrəvanın istəyindən asılıdır.
Amma erməni spiker siyasi cəhətdən yetkin olmadığı üçün məsələni, daha doğrusu Prezident İlham Əliyevin Ermənistanın Azərbaycandan qaz ala biləcəyi ilə bağlı bəyanatının anlamayıb. Çünki Azərbaycan tərəfdən bu ilk dəfə səsləndirilən humanist bəyanat deyil. Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycan nəinki Ermənistana neft-qaz sata bilər, hətta öz ərazisindən qonşu ölkənin dünya bazarına çıxışına təminat verə bilər. Amma buna qədər Ermənistanın görməli olduğu xeyli iş var.
İlk növbədə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalıdır.
Yalnız bundan sonra Ermənistanın iqtisadi və sosial təkliflərinə Azərbaycan meydan aça bilər. Nəzərə alaq ki, Azərbaycan hər zaman regional təhlükəsizlik üçün təşəbbüslərlə çıxış edib. Eyni zamanda, region dövlətlərinin iqtisadi dirçəlişinə töhfə verəcək bir sıra layihələri irəli sürüb.
Məsələn, Azərbaycanın moderator olduğu “3+3” platforması region dövlətləri ilə yanaşı Ermənistan üçün unikal imkanlar aça bilər. Bu layihə reallaşacağı təqdirdə Ermənistan Azərbaycan və digər region ölkələrin iqtisadi tərəfdaşına çevrilər. Nəticədə, Ermənistan həm yeni bazarlara çıxış qazanar, həm də sərfəli qiymətə neft-qaz ala bilər. Üstəlik, Ermənistan Azərbaycanın dəstəyi ilə tranzit ölkəyə çevrilər.
Söhbət Zəngəzur və digər dəhlizlərdən gedir.
Amma nə yazıq ki, Ermənistanın siyasi rəhbərlərinin siyasi səbatsızlığı və revanşistlərin şəxsi iddiaları üzündən Ermənistan itirə-itirə gedir. 4 ildir heç bir əsaslı səbəb olmadan Ermənistan sülh sazişini imzalamaqdan yayınır. Bu azmış kimi Azərbaycana qeyri-dost ölkələrin regiona soxulmasına çalışlır. Bütün bunlarsa Azərbaycanda Ermənistanın hərəkətlərində səmimi olmaması qənaətini yaradır.
Ermənistan qazandıqlarından daha çoxunu itirir.
Azərbaycanla düşmənçilik Ermənistana ancaq ziyan vurur. Hələ Türkiyəyə qarşı olan əsassız iddiaları demirik. Bu cür xəstə təxayül Ermənistanı ilbəil geri atır. Hazırda Ermənistan 4 qonşu ölkədən yalnız ikisi ilə münasibəti var. Halbuki, həm Avropaya, həm də Asiyaya Ermənistanın ən rahat çıxışı düşmən gözündə gördüyü Türkiyə və Azərbaycandan keçir. Bu gün Ermənistan iqtisadiyyatı əsasən Rusiyadan asılıdır. Bu əlaqələrsə Lars aşırımları üzündən o qədər də effektiv deyil.
Heç kimə sir deyil ki, Rusiyadan Ermənistana göndərilən yüklər daha çox İran üzərindən ötürülür. Bu isə iqtisadi cəhətdən səmərəsizdir. Bu gün Moskvadan İrəvana yola salınan yüklər İran üzərindən 6-7 günə mənzil başına çatır. Amma həmin yüklər Azərbaycan üzərindən cəmi 48 saata İrəvana çatdırıla bilər. Hələ onu demirik ki, Zəngəzur dəhlizi bərpa olunsa, Ermənistan tranzit ölkə status qazanar. Bundan da rəsmi İrəvan həm siyasi, həm də iqtisadi dividend əldə edər.
Ermənistan boyunduruqdan xilas ola bilmir.
Tarixən ermənilər kimlərinsə qoltuğunda yaşayıb. Son 150 ildə isə ermənilər ruslar sahib çıxıb. Bu gün də Ermənistanın ayaqda qalmasının tək səbəbkarı Rusiyadır. Amma rəsmi İrəvan son illər dəngələri dəyişmək, Qərbə sığınmaq istəyir. Lakin Paşinyan və onun komandası unudur ki, “uzaq qohumdan yaxın qonşu yaxşıdır”.
Əgər ermənilər boyunduruqdan xilas olsalar, Azərbaycanla və Türkiyə ilə açıq və səmimi münasibət qursalar daha çox şey qazanarlar. Amma nə qədər ki, Qərbin və Rusiyanın dedikləri ilə oturub duracaqlar ermənilər bir o qədər zillət içində yaşayacaqlar. Qəribədir ki, bunu Ermənistanın siyasi yetkiləri də bilir. Məsələn, Alen Simonyan özündə cəsarət tapıb bəyan etdi ki:
“İnsanlar üçüncü ölkənin təhriki ilə Ermənistanla Azərbaycan arasında münaqişə yaratmaqla məşğuldur. Daha bəsdir”.
Bəli, simonyanlar, paşinyanlar və digər ermənilər həqiqətən üçüncü ölkənin təhriklərindən xilas ola bilsələr və Azərbaycanla sülh sazişi imzalansa, o zaman Ermənistan nəinki sərfəli qiymətə neft-qaz ala bilər, həm də müstəqil yaşamaq haqqı əldə edər.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
11:30 / 27.04.2024
Simonyanın XƏYALLARI – Ermənistan hansı halda Azərbaycandan qaz ala bilər? – TƏHLİL
Hazırda oxunan: Simonyanın XƏYALLARI – Ermənistan hansı halda Azərbaycandan qaz ala bilər? – TƏHLİL
Hazırda oxunan: Simonyanın XƏYALLARI – Ermənistan hansı halda Azərbaycandan qaz ala bilər? – TƏHLİL
189230
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.