“Respublika meydanında dövlətin razılığı şəraitində baş verən və görünməz bir əllə gündəlik həyatımıza daxil olaraq bir növ yazılmamış protokola çevrilən bayrağın yandırılması - HƏMAS-ın döyüşçü pafosunun və terror estetikasının təzahürüdür”.
Bizim.Media caliber.az-a istinadən xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında Respublika Naminə Partiyasının sədr müavini Ruben Meqrabyan aprelin 23-də İrəvanda növbəti dəfə Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını şərh edərkən deyib.
O bildirib ki, dövlətin burada görəcəyi iş çoxdur, çünki “qurban”ların xatirəsi bu şəkildə yad edilmir.
“İkincisi, bu, güc yox, hərbi zəiflikdir; dövləti olanlar heç bir, hətta düşmən olan dövlətin bayrağını yandırmazlar. Oxşar işləri Yaxın Şərqdəki terror qrupları da zəiflikləri səbəbindən edirlər. Onlar niyə bütün bunları erməni reallığına gətirirlər?”
Politoloq bu döyüş pafosunun güc kimi təzahürünü gənclərin beynini yumaq kimi qiymətləndirib:
“Bu, ayıbdır, özünü simvollar üzərindən təsdiqləməkdir. Düşmənlərimizə, bizə qarşı çıxanlara, dövlətin bədxahlarına heç bir zərər verə bilməz, gətirəcəyi tək şey isə nifrət və yazıqlıqdır. Bəs niyə özümüzə qarşı belə hisslər yaradırıq?” - deyən Meqrabyan əlavə edib ki, dövlət belə hərəkətləri qadağan etməlidir.
O, Eçmiədzinin Ermənistan hökumətinə qarşı təhqirlərinə də toxunub və bildirib ki, bütün bunların dövlət həyatına, demokratik cəmiyyətə, “qurban”ların xatirəsini ehtiramla yad etməyə, ümumiyyətlə, özünəhörmətə heç bir aidiyyəti yoxdur.
“Kilsə Ermənistan Respublikasının mövcudluğu ilə barışmayıb. Hətta yüksəkrütbəli ruhanilərin çıxışlarında da birbaşa qeyd olunur ki, dövlətlə kilsə arasında seçim varsa, dövlət olmamalıdır. Hələ bu adamların öz əməlləri ilə başqa dövlətə xidmət etmələrindən danışmıram. Onlar ruhani deyil, şarlatandırlar”, - deyə politoloq bildirib.
Siyasətçi qeyd edib ki, istənilən vəziyyət ölkədə daxili siyasi qarşıdurmaların qızışdırılması üçün istifadə olunur.
“Bu cəhdləri dayandırmaq üçün dövlətin burada görüləcək işləri var. Çünki demokratiya, bəli, bütün azadlıqların təmini deməkdir, lakin demokratiya həm də qanunun aliliyidir, yalnız dövlət qanunun müdafiəçisidir və qanuni qüvvədən istifadə etmək üçün inhisar hüququna sahibdir”, - deyə o qeyd edib.
Xatırladaq ki, aprelin 23-də İrəvanda qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə ənənəvi məşəl yürüşü keçirilib.
“Daşnaksütyun” partiyası tərəfindən təşkil edilən yürüşdən əvvəl Respublika meydanında mitinq baş tutub. Mitinqdə müxalif siyasi qüvvələrin nümayəndələri, o cümlədən eks-prezident, Ermənistanın Respublika Partiyasının sədri Serj Sarqsyan da iştirak ediblər.
Mitinqin sonunda toplaşanlar Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.