7 fevralın dəyişdiyi REALLIQLAR – Regionumuz mühüm proseslərin ASTANASINDA 

7 fevralın dəyişdiyi REALLIQLAR – Regionumuz mühüm proseslərin ASTANASINDA 

Hazırda oxunan: 7 fevralın dəyişdiyi REALLIQLAR – Regionumuz mühüm proseslərin ASTANASINDA 

177953

Böyük coşqu və ümumxalq həmrəyliyi ilə keçən 7 fevral növbədənkənar prezident seçkiləri təkcə ölkəmiz üçün yox, həm də region üçün maraqlı məqamları üzə çıxardı. Aydın oldu ki, Azərbaycanda xalqın seçki mədəniyyəti və ictimai fəallığı yüksək səviyyədədir. Ən əsası xalq öz seçimi üçün Qərbin sözünü yox, qəlbinin səsini eşitdi. Bu faktor isə sonrakı mərhələdə regionda maraqlı proseslərin baş verəcəyini ehtimal etməyə əsas verir.

Ən əsası Qərbin Azərbaycana təzyiqi kəskin şəkildə azalacaq

Çünki Azərbaycan xalqı və dövləti Qərbin mahiyyətini bilir və ona qarşı da adekvat tədbirlər görməyi bacarır. Üstəlik, Qərb, xüsusən də Avropa İttifaqı Azərbaycan üçün o qədər də maraqlı deyil. Bu gün və yaxın gələcəkdə Azərbaycan nə Aİ-yə, nə də NATO-ya üzv olmaq barədə düşünmür. Əvəzində, Azərbaycan Aİ üçün çox vacib oyunçudur. 
 

MÖVZU İLƏ BAĞLI:

Sülhə açılan ATƏŞ – Ermənistanın sərhəd təxribatlarının arxasında hansı güclər DAYANIR?


Bu gün Aİ-nin 12 üzv ölkəsi Azərbaycanın strateji tərəfdaşıdır. Eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatlarına Qərbin çox böyük ehtiyacı var. Bundan əlavə Qazaxıstan və Orta Asiya ölkələrində istehsal olunan neft və qazın Avropaya çatdırılması üçün Azərbaycan alternativi olmayan tranzit ölkəsidir. 

Ümumiyyətlə, bu cür səbəbləri daha çox saymaq olar. Yekunsa ondan ibarətdir ki, yerləşdiyi unikal coğrafi mövqeyi  və yürütdüyü müdrik siyasət Azərbaycanı Qərb üçün əvəzolunmaz tərəfdaş statusuna qaldırır. Hələ onu demirik ki, Azərbaycan Qərbin “mehriban düşmənləri” - İran və Rusiya ilə qonşudur. Bu da Qərbi ölkəmizin qarşısında geri çəkilməyə məcbur edir. 

Ən nəhayət Azərbaycanın Qoşulmama Hərakatı və TDT kimi təşkilatlardakı moderatorluğu beynəlxalq siyasətdə söz sahibinə çevrilməsinə imkan verir.

Təbii ki, Azərbaycan öz xarici siyasətini Qərbin istəklərinə görə yox, milli və dövlət maraqlarına uyğun qurur. Bu mənada 7 fevralda xalqın verdiyi mandat Azərbaycanın siyasi hakimiyyətinə yeni manevr imkanları qazandıracaq.

Bəs, yaxın perspektivdə Azərbaycan regionda nəyi dəyişəcək?

Azərbaycan üçün prioritet Cənubi Qafqazda davamlı sülhə nail olmaqdır. 2024-cü ildə bütün təşəbbüslər buna yönələcək. Nəticədə, bu il Ermənistanla sülh sazişi imzalansa, Cənubi Qafqazda yeni geosiyasi mənzərə yaranacaq. Məhz bu sülh sazişindən sonra Ermənistan Qərbdən və digər ölkələrdən daha çox Azərbaycanın sözünü eşidəcək.

Çünki Azərbaycan Ermənistana daha cəlbedici imkanlar aça bilər. Hansı ki, son 35 ildə nə Qərb, nə də Rusiya və İran Ermənistan üçün bu imkanları tanımayıb. Əgər Gürcüstan da Qərbin şirin və yalan vədlərin bir kənara qoysa, o zaman Cənubi Qafqaz təkcə “sülh evi” yox, həm də dünyanın ən sürətlə inkişaf edən bölgələrindən biri, Avrasiyanın aparıcı nəqliyyat dəhlizi olacaq.

Beynəlxalq aspektdə nələr dəyişə bilər?

Artıq sübut edilib ki, beynəlxalq tədbirlərin ən yaxşı təşkilatçılarından biri Azərbaycandır. Azərbaycan təkcə tədbirlər ev sahibliyi etmir, həm də yeni çağırışlar edir, sivilizasiyanı narahat edən məsələlərlə bağlı müxtəlif təşəbbüslərlə çıxış edir. Bu mənada 2024-cü ildə və sonrakı dövrdə Azərbaycan öz təşəbbüsləri ilə sivilizasiyanı çox təəccübləndirəcək və beynəlxalq siyasətə töhfələr verəcək.

Hansı dövlətlər Azərbaycanın yanında dayanacaq?

Artıq elə bir dövr gəlib ki, Azərbaycan dostlarını və müttəfiqlərini  özü seçir. Azərbaycan hansısa güclərin yanında və yaxud cərgəsində dayanmaq barədə qətiyyən düşünmür. Əksinə, bu günün prioriteti hansı dövlətlərin Azərbaycanın yanında yer almasıdır. Nəzərə alaq ki, son vaxtlar bəzi ölkələr öz mövqeyini açıq şəkildə ortaya qoyub. Bunlar Türkiyə, Pakistan və İsraildir. Hər 3 ölkə Azərbaycan üçün dost, qardaş və strateji tərəfdaşdır. 

Son vaxtlar Aİ-nin bir sıra ölkələri Azərbaycanla eyni mövqedən çıxış edir. Lakin İtaliya, Macarıstan və Serbiya kimi dövlətlər son dönəmlərdə ölkəmizə daha isti münasibət göstərir. Yaxın zamanda bu dövlətlərin sırasına Bolqarıstan, Rumıniya, Yunanıstan və bir sıra Adratikyanı ölkələrin də qoşulacağı gözlənilir.

Rusiya Azərbaycana münasibətini 180 dərəcə dəyişəcək

Son 3-4 ildə Rusiya ilə Azərbaycan arasında münasibətlər kifayət qədər dərinləşib. 2022-ci ilin fevralında strateji müttəfiqlik haqında imzalanan sənəd iki ölkə arasındakı münasibətlərdə yeni yol açdı. Münasibətlər o dərəcədə inkişaf etdi ki, bu ilin yanvarında Rusiya ilə Azərbaycan arasında 2024-2026-cı illər üçün Yol Xəritəsi təsdiq olundu. 

Bu da Azərbaycanın siyasi və və iqtisadi gücünə əlavə güc qatır. Nəzərə alaq ki, növbəti illər Rusiya üçün də sürətli inkişaf dövrü olacaq.

İran axır ki, “daşı ətəyindən tökdü”.

Son 15 gündə baş verən pozitiv dəyişiklər deməyə imkan verir ki, İran Azərbaycanla bağlı siyasətinə yenidən baxmaq məcburiyyətindədir. Çünki İran Ermənistanla yaxınlaşmaq siyasətinin fayda verməyəcəyini dərk etdi. Ona görə də rəsmi Tehran “hər şeyin təzəsi, dostun köhnəsi” deyib Azərbaycanla münasibətlərini yenidən quracaq.

Qazaxıstan və Orta Asiya ölkələrənin baxış bucağı dəyişir.

Cənubi Qafqazda baş verən proseslər və Azərbaycanın müstəqil və qətiyyətli xarici siyasəti MDB məkanındakı türk dövlətlərini xeyli yaxınlaşdırdı. Bu gün Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və hətta Tacikistan belə Azərbaycanla eyni mövqeyi bölüşməkdən məmnunluqlarını ifadə edir. 

Təsadüfi deyil ki, dekabrın 30-da Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi toplantısını izləyən beynəlxalq ekspertlər açıq şəkildə etiraf etdilər ki, İlham Əliyev təkcə Cənubi Qafqazın yox, bütövlükdə MDB-nin xilaskarı kimi çıxış edir.

Qlobal güclər ancaq müşahidəçi mövqeyindən çıxış edəcək.

Növbəti illərdə Azərbaycanın beynəlxalq təşəbbüslərinə ABŞ, Çin, Böyük Britaniya və digər ölkələr loyal yanaşacaq. Bu dövlətlərin heç birinin yaxın gələcəkdə Azərbaycanla hansısa məsələdə problem yaşayacağı proqnozlaşdırılmır. Əksinə Böyük Britaniya və Çin iqtisadi maraqlar üçün Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyəcək. ABŞ-sa sadəcə müşahidə edəcək.

Beləcə, Azərbaycan yaxın bir neçə ildə regionun geosiyasi mənzərəsini tamamilə dəyişəcək. Azərbaycan regional gücdən aparıcı beynəlxalq oyunçuya çevriləcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO