Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi yolunda atılan addımlar deyəsən xaricdəki bəzi dairələri əməlli-başlı narahat edir. Onun nəticəsidir ki, uzun müddət iki ölkə arasında atəşkəsin pozulması hallarına rast gəlinməsə də, dünən birdən-birə İrəvan növbəti təxribata əl atdı.
Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən atəş açılıb. Nəticədə azərbaycanlı hərbi qulluqçu yaralanıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Mövqelərimiz atəşə tutuldu, hərbçimiz YARALANDI - VİDEO
Dövlət Sərhəd Xidmətinin həyata keçirdiyi “qisas əməliyyatı” nəticəsində isə 4 erməni silahlısı məhv edilib.
Onu da qeyd edək ki, sözügedən silahlılar Ermənistan ordusunun əsgərləri deyil, “Yerkrapa” erməni terror təşkilatının üzvləri olublar.
Lakin Ermənistan bununla da kifayətlənmədi. Nəticədə, bu gün səhər saatlarında Tovuz rayonu istiqamətindəki mövqelərimiz də atəşə tutuldu.
Birmənalı şəkildə bəllidir ki, Ermənistan sərhəd təxribatını təkbaşına törətmək gücündə deyil. Bu da onu göstərir ki, İrəvanın bu təxribatının arxasında hansısa xarici qüvvələr dayanır. Atəşkəsin pozulduğu ərazilərin Avropa İttifaqının müşahidəçilərinin əllərində binoklla dolaşdıqları zonalar olması isə sifarişin Qərbdən gəlməsi ehtimalını gücləndirir.
Sülhə açılan atəş
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Ermənistanın təxribatçı qüvvələri tərəfindən Azərbaycan sərhədçisinə açılan atəş əslində sülhə açılan atəşdir:
“Azərbaycanla Ermənistan arasında sülhlə bağlı danışıqların canlandığı bir vaxtda, qlobal aktorların xaricdən müdaxilə cəhdləri nəticədə bu kimi təxribatlara gətirib çıxardı. Bunun məsuliyyəti də tamamilə Ermənistanın üzərindədir. Azərbaycan Prezidenti əsgərlərimizə qarşı törədilən hər hansı bir cinayəti cavabsız qoymayacağımızı bildirib. Azərbaycan əsgərinin cavab tədbirlərilə təxribatçılar növbəti dəfə layiqli cavabını aldı. Nəticə etibarı ilə bu hadisə sülh prosesində mümkün imkan və yaxınlaşmanı bir qədər də təhlükə altına atdı”.
Təxribatların arxasında dayanan tərəflərə gəldikdə isə, deputat qeyd edir ki, bunlar Avroatlantika məkanındakı bəzi güc mərkəzləridir:
“Onlar Bakı ilə İrəvan arasında imzalanacaq sülhü öz siyasi iradələrinin girovuna çevirməyə cəhd göstərir. Bu sülh qlobal imperalist mərkəzlərə görə, Ermənistanla Azərbaycan arasında olan sülhdən daha çox, onların maraqlarının ifadəsi olmalıdır. Fransa və Amerika sülhü Bakı ilə İrəvana qarşı təzyiq mexanizminə çevirmək istəyir.
Bir neçə gün əvvəl Avropa İttifaqı Monitorinq Missiyasının nəzarəti altında olan ərazidən Çexiya vətəndaşı qanunsuz olaraq Azərbaycan ərazisinə keçdi. Bu da öz-özlüyündə növbəti təxribatların olacağına işarə idi.
Təəssüf ki, monitorinq missiyası bununla bağlı susmağa üstünlük verdi. Ermənilər tərəfindən Azərbaycan sərhədçisinə atəş açıldı. Yenə də həmin missiya hadisəyə reaksiya vermədi. Bu missiyanın məqsədi sülhə nail olmaqdırsa, niyə İrəvanın təxribatlarına reaksiya vermir?! Deməli, bu güclər Fransa Prezidentinin fəaliyyəti və yaxud məqsədlərilə əlaqəlidir”.
Rüfət Sultan, Bizim.Media