Ermənistanın dövlət borcu 9,5% artıb. Bu, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan ölkələr arasında ən böyük borc artımıdır. 2023-cü ilin iyulunda açıqlanan məlumata görə, Ermənistanın xarici borcu 11 milyard 352 milyon idi.
Bəs görəsən, borc bataqlığında üzən Ermənistanın Azərbaycanla masaya oturmaqdan, sülh müqaviləsi imzalamaqdan başqa çarəsi varmı?
Politoloq Cümşüd Nuriyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb. C.Nuriyev qeyd edib ki, Ermənistanın Azərbaycanla masaya oturmaqdan başqa çarəsi yoxdur:
“Çünki siyasi, hərbi və iqtisadi cəhətdən çoxdan çöküb. Ermənistanın xarici borcu onun ümumi daxili məhsulunun həcmindən daha yüksəkdir. Azərbaycanın 70 milyard dollara yaxın resursu var. Xarici borcumuz ümumi daxili məhsulun heç 10 faizini təşkil etmir. Amma Ermənistanın xarici borcu 60 faizin üzərindədir. 80 faizə olanda qırmızı səviyyəyə çatacaq. Bu, Ermənistan üçün çox dəhşətli göstəricidir.
Əgər belə davam edərsə, ölkə iqtisadi cəhətdən iflasa uğrayacaq. Ermənistanın dövlət büdcəsinə Azərbaycanın işğal olunmuş ərazilərindən 35 faiz xeyir gəlirdi. Bu ölkəni ayaqda saxlayan amillərdən biri idi, artıq onu da itirdilər. Hazırda Ermənistanın heç nəyi yoxdur”.
Politoloq vurğulayıb ki, Ermənistan dost bildiyi qonşu ölkələrdən də dəstək ala bilməyəcək:
“Çünki İranın özü bərbad vəziyyətdədir, Gürcüstan da yaxşı vəziyyətdə deyil. Gürcüstanı ayaqda saxlayan Azərbaycandır. Bizim bütün tranzit daşımalarımız oradan keçir. Ona görə də Ermənistan məcburdur ki, Azərbaycanla sülh masasına əyləşsin, əks təqdirdə blokadadan çıxa bilməyəcək.
Bu gün Ermənistan və Azərbaycanın sərhədlərinin delimitasiyası üzrə Dövlət Komissiyalarının altıncı iclası keçiriləcək. Ermənistan ən azından çərçivə sazişini imzalamaq məcburiyyətindədir. Bu ölkənin çox vaxtı qalmayıb. Uzağı aprel ayına qədər imzalamalıdır. Çünki dünyanın 41 ölkəsində prezident seçkiləri keçiriləcək.
Qısası, nə Moskva, nə Vaşinqton, nə də Paris onu xilas edəcək. Paşinyanın hakimiyyətdə, Ermənistanın isə dövlət kimi ayaqda qalmasının açarı Bakıdadır. Bütün bu nüanslar İlham Əliyevin bir imzasından asılıdır”.
Məhərrəm Əliyev, Bizim.Media