2023-cü ildə Cənubi Qafqazın dəyişən SİYASİ MƏNZƏRƏSİ - HESABAT 

2023-cü ildə Cənubi Qafqazın dəyişən SİYASİ MƏNZƏRƏSİ - HESABAT 

Hazırda oxunan: 2023-cü ildə Cənubi Qafqazın dəyişən SİYASİ MƏNZƏRƏSİ - HESABAT 

171388

Tarixə qovuşmaqda olan 2023-cü il Cənubi Qafqaz üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Ümumiyyətlə bu il regionda maraqlı proseslər baş verdi. Təsadüfi deyil ki, Beynəlxalq nəşrlərlər Cənubi Qafqazla bağlı materiallara həvəslə yer ayırır.

Bizim.Media 2023-cü ilin siyasi yekunlarına dair Rusiyanın “Vestnik Kavkaza” nəşrinin hesabatını təqdim edir: “2023-cü il dünyanın ən mürəkkəb problemlərindən birinə son qoyur.

Məhz bu il Xankəndində separatçı rejim aradan qaldırıldı və bütün Qarabağ iqtisadi rayonunda Azərbaycanın konstitusiya quruluşu bərpa olundu. Tarixdə çox az ölkə 30 illik müharibədən sonra öz torpaqlarını geri ala bildi. Bu məsələdə Azərbaycan həmin az ölkələrdən biri olduğunu sübut etdi.

Qarabağın azad edilməsi

Qarabağda Azərbaycanın konstitusiya quruluşunun bərpası 2023-cü ildə Cənubi Qafqazda əsas hadisəyə çevrilib. Bu nəticə Azərbaycan Prezidenti İlham Əliyevin uzunmüddətli strategiyası nəticəsində əldə olunub. O, 17 il ərzində ordunu gücləndirib, təkmilləşdirib, müasir hərbi texnika, o cümlədən Türkiyə və İsrail pilotsuz təyyarələri alıb, Ermənistanın danışıqlara mane olacağı və işğalçılıq siyasətini genişləndirəcəyi təqdirdə ölkəsini XXI əsr müharibəsinə hazırlayıb.

Qarabağda həlledici həmlə 2023-cü il sentyabrın 19-20-də Xankəndində separatçıların növbəti siyasi təxribatından - Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya zonası yaxınlığında erməni silahlıları mülki nəqliyyatın keçdiyi yolun minalanmasından sonra başladı. Xankəndinin hərbsizləşdirilməsinə yönəlmiş antiterror tədbirlərindən düz bir gün sonra separatçı rejim təslim olub və özünü ləğv etdiyini bəyan edib. “Qarabağ məsələsi” həmişəlik bağlandı.

İrəvanla Moskva arasında soyuq hava

Xarakterik haldır ki, Azərbaycanla Ermənistan arasında gərginliyin artmasına paralel olaraq İrəvanla Moskva arasında da münasibətlər pisləşdi. Qarabağda sentyabr hadisələrindən az əvvəl Rusiya Xarici İşlər Nazirliyi tarixdə ilk dəfə olaraq Ermənistan səfirinə etiraz notası təqdim edib.

Qarabağdakı təxribatlar, Ermənistanda Amerika və Ermənistan qoşunlarının birgə təlimlərinin keçirilməsi və ən nəhayət Ermənistan parlamentinin Roma Statutunu ratifikasiya etməsi Moskva ilə İrəvan arasında münasibətləri xeyli pisləşdirdi. Paşinyan Putinlə münasibətləri korladığı halda, İlham Əliyev sübut olunmuş çoxvektorlu siyasətə riayət etməkdə davam etdi. Ermənistanın baş naziri KTMT-nin iclaslarına məhəl qoymayıbsa, Azərbaycan prezidenti bu il Aİİ-nin yüksək səviyyəli sammitində iştirak edib.

MDB-nin Sankt-Peterburqda keçirilən sonuncu qeyri-rəsmi sammiti sübut etdi ki, o, KTMT və Aİİ üzvü olmasa da, İlham Əliyevin bu təşkilatlarda Nikol Paşinyandan daha çox çəkisi, nüfuzu və hörməti var. Ermənistanda başlanmış anti-Rusiya informasiya kampaniyası və Aİ-nin Ermənistan ərazilərinə “müşahidə” missiyasının, o cümlədən Avropa təhlükəsizlik qüvvələrinin daxil olması fonunda bu, təəccüblü deyil.

Cənubi Qafqazda Qərbin balanssızlığı

Ermənistan-Rusiya böhranı ilə eyni vaxtda bu il Cənubi Qafqazda mövcudluğunu artırmağa çalışan Qərb oyunçularının Ermənistan və Azərbaycanla təmaslarda balansı saxlamaması səbəbindən Bakı ilə Qərb arasında müəyyən soyuqluq müşahidə olundu. Hətta müəyyən məqamda ABŞ erməni diasporunun lobbiçiləri tərəfindən təklif edilən açıq-aşkar anti-Azərbaycan qətnaməsinə icazə verdi və Azərbaycana hərbi yardımı dayandırdı.

Qərbdə əsas disbalans Paris olaraq qalır ki, bu da öz bəyanatları və İrəvana hərbi yardımı ilə Bakı ilə münasibətləri ən aşağı həddə çatdırıb. Azərbaycan Fransanın vasitəçilik səylərini rəsmən rədd edib və ilin sonunda iki fransız diplomatını ölkədən çıxarıb.

ABŞ dövlət katibinin müavini O'Brayen-in davranışını onun rəhbəri Entoni Blinken yumşaldaraq, vəziyyəti həll etmək üçün Amerika nümayəndəsinin Bakıya səfərinə razılıq verəndə, nəhayət, ABŞ öz mövqeyini bərpa etdi. Bununla belə münasibətlərdə, “soyuqluq” qalır. Azərbaycan XİN rəhbəri ilin sonunda erməni həmkarı ilə görüşmək üçün Vaşinqtona gəlməyib.

Bütün bunların fonunda Rusiya üçün bir fürsət pəncərəsi açılıb. Yeni il ərəfəsində Vladimir Putin Sankt-Peterburqda İlham Əliyevlə Nikol Paşinyan arasında kiçik təkbətək görüş təşkil etməyə nail olub. İki ölkə liderləri praktiki olaraq razılaşdırılan sülh gündəmini müzakirə ediblər. Eyni zamanda Tehranda xarici işlər nazirləri səviyyəsində “3+3” formatında görüş də əlavə edə bilərik.

Gürcüstan Rusiya Federasiyası ilə Aİ arasında qaldı

2023-cü il Gürcüstanda hadisələr üçün fırtınalı il oldu. Mart ayında müxalifət xarici agentlər haqqında qanunun yerli variantı ilə bağlı hakimiyyətə qarşı daha bir “Maydan” aksiyası keçirməyə cəhd etdi. ABŞ və Amerika QHT-ləri bu ssenarini dəstəklədilər və İrakli Qaribaşvili hökuməti USAID-i iğtişaşları maliyyələşdirməkdə ittiham etdi.

May ayında Rusiya Gürcüstanla hava əlaqəsini bərpa etdi və Gürcüstan vətəndaşları üçün vizalar aradan qaldırıldı. Bu, həm müxalifətin, həm də Gürcüstandan heç bir halda Rusiya Federasiyasına uçmağa razılıq verməməyi tələb edən Qərb siyasətçilərinin daha da böyük qəzəbinə səbəb oldu.

Xarici agentlər haqqında qanunu ləğv edən Gürcüstan hökuməti buna baxmayaraq, Rusiyaya aviareyslərə başladı. İyun ayında respublikaya yenidən Aİ-yə namizəd statusu verməməklə bunun cavabını verdi.

Bununla belə, növbəti altı ay ərzində Tbilisinin Avropa istəklərini əngəlləyən heç bir addım atılmadı və dekabrda Avropa İttifaqı Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verdi. Dekabrda Brüssel Gürcüstanın boynuna yeni statusla xarici siyasət və insan haqları ilə bağlı daha ciddi öhdəliklər qoydu. Bundan sonra Gürcüstandan Rusiyaya qarşı sanksiyalar tətbiq etmək və Mixail Saakaşvilini azad etmək kimi məsələlər daha çox tələb ediləcək.

2023-cü ilin nəticələri

Ümumiyyətlə, Azərbaycan iqtyisadi-siyasi gücünü artırdı. Ermənistanın getdikcə daha çox Rusiyadan uzaqlaşdığını söyləmək olar. Qərb Cənubi Qafqaz siyasətindəki disbalans səbəbindən vasitəçilik rolunu itirir. Gürcüstanda milli maraqlarla Brüsselin anti-Rusiya tələbləri arasında mübarizə davam edir. Strateji cəhətdən əsas regional oyunçuların - Rusiya, Türkiyə və İranın maraqları yaxınlaşır. Hədəf Aİ, Fransa və ABŞ-ı regiondan təcrid etməkdən ibarətdir. Bu reallıqlarda hətta qərbyönlü Ermənistan da öz problemlərini regional həlli yolları ilə qaydaya almağa məcbur olacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO