“Cənubi Qafqazı “ukraynalaşdırmağa” çalışırlar” – Elman Nəsirov 

Hazırda oxunan: “Cənubi Qafqazı “ukraynalaşdırmağa” çalışırlar” – Elman Nəsirov 

166508

Rusiyalı hərbi bloger Anastasiya Kaşevarovanın bu günlərdə verdiyi açıqlamaya görə, Fransanın təxminən yeddi təlim mərkəzində Rusiyaya qarşı müharibədə iştirak etmək üçün Ermənistandan olan əsgərlər hazırlanır. Bloger qeyd edib ki, "Fontevrault L'Abbe"dəki təlim mərkəzi erməni əsgərlərin hazırlığı ilə məşğul olur. Bloger hətta bildirir ki, bəzi təlim mərkəzlərindən foto və video sübutlar da var: 

“Belə təlim mərkəzləri çoxdur. 

Etnik erməni əsgərlər işə cəlb olunurlar, onlar arasında qondarma rejimin süqutundan sonra gələn könüllü gənclər də var. Proqram Ermənistan Müdafiə Nazirliyinin tam dəstəyi ilə fəaliyyət göstərir". 
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin NÖVBƏTİ QURBANI – Ermənistanı Ukraynanın aqibəti GÖZLƏYİR...


Qeyd edək ki, son zamanlar Parislə İrəvan arasında hərbi əməkdaşlıq genişlənir. Bu yaxınlarda hətta Fransa Gürcüstan üzərindən Ermənistana hərbi yük də göndərmişdi. Fransalı hərbi təlimçilərin hətta Ermənsitanda ermənilərə təlim keçdikləri də bildirilir. Lakin son açıqlama belə deməyə əsas verir ki, artıq erməni hərbçiləri Fransada təlim mərkəzlərinə də cəlb olunurlar. 

“Fransa Cənubi Qafqazı “ukraynalaşdırmağa” çalışır”

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, Fransa Ermənistanla birlikdə Cənubi Qafqazı “ukraynalaşdırmağa”, Ukraynada baş verən prosesləri regionumuza transformasiya etməyə çalışır: 

“Rusiyanın sosial media və digər media platformalarında yayılan məlumatlara görə, Fransa Rusiyaya qarşı hərbi cəbhə açmaq istəyir.

Burada məsələnin qəribə görünən tərəfi odur ki, Fransa müttəfiqi Ermənistanı da həmin prosesə cəlb etməyə çalışır. Bu müstəvidə erməni əsgərləri, hətta keçmiş qondarma rejimdən olanların Rusiya əleyhinə hərbi təlim mərkəzlərində iştirakını da təşkil edirlər. 

Hazırda Moskva Paris münasibətləri özünün mürəkkəb dövrünü yaşayır. Tərəflər faktiki olaraq Ukrayna cəbhəsində qarşıdurma vəziyyətindədir. Bu fonda, görünür, daha ciddi toqquşmalardan söhbət gedir. Burada Fransa Rusiya münasibətlərin gərginləşməsinin hətta ikitərəfli formatda müharibəyə çevrilməsinə qədər ssenarilərdən belə bəhs olunur”. 

Deputat deyir ki, erməni əsgərlərinin həmin prosesə cəlb edilməsi tamamilə yeni hadisədir və hətta bunu gözləmək də olar:

“İrəvan Moskva ilə hərbi strateji müttəfiq olsa da, Ermənistan özünü müttəfiq kimi aparmır və faktiki olaraq açıq mətnlə Rusiya əleyhinə siyasət həyata keçirir. Fransa ilə Ermənistan oktyabrın 23-də hərbi əməkdaşlıq haqqında sənəd də imzalayıblar. 

Bu da Rusiyanın maraqlarına ziddir. 

Belə olan vəziyyətdə rus blogerinin iddiasının ciddi əsasları var. Hadisələrin bu cür cərəyan edəcəyini proqnozlaşdırmaq da mümkündür. Bu hadisənin özü onu göstərir ki, Fransa Ermənistanla birlikdə Cənubi Qafqazı “ukraynalaşdırmağa”, Ukraynada baş verən prosesləri regionumuza transformasiya etməyə çalışırlar. Bu reallıq Rusiya-Fransa, Rusiya-Ermənistan münasibətlərindəki onsuz da gərgin vəziyyəti pik nöqtəsinə qaldıra bilər”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO