USAİD-in məkrli PLANININ İFLASI – Gürcüstanda çevriliş cəhdinin qarşısı NECƏ ALINDI?

USAİD-in məkrli PLANININ İFLASI – Gürcüstanda çevriliş cəhdinin qarşısı NECƏ ALINDI?

Hazırda oxunan: USAİD-in məkrli PLANININ İFLASI – Gürcüstanda çevriliş cəhdinin qarşısı NECƏ ALINDI?

165634

ABŞ keçmiş SSRİ məkanında olan dövlətləri tam nəzarəti altına keçirmək üçün qəti hərəkətə keçib. Ukrayna-Rusiya müharibəsi və beynəlxalq sanksiyalar hesabına Rusiyanı zəiflətmək istəyən ABŞ son həmlələrini edir. 

Ağ Evdəkilər çalışır ki, keçmiş MDB dövlətlərini təkcə Rusiyanın təsir dairəsindən çıxartmasın, həm də öz təsir zonasına salsın. Bu məsələdə ilk hədəf Cənubi Qafqazdır. Vaşinqton hesab edir ki, Cənubi Qafqazı təsir zonasına sala bilsə, çox asanlıqla Qazaxıstana və Orta Asiya ölkələrinə nüfuz edə bilər. 

ABŞ-ın Cənubi Qafqazda işi rəvan getmir

Vaşinqton üçün əslində Cənubi Qafqaz ən çətin, keçilməz qaladır. Çünki Azərbaycan, Gürcüstan və Ermənistan eyni coğrafiyada yerləşsə də, bir sıra ortaq cəhətləri olsa belə Qərbə və Rusiyaya siyasi baxışları fərqlidir. Məsələn, Azərbaycan son 3 ildə tam müstəqil siyasət yeridir və regional gücə çevrilir. Ona görə də ABŞ Azərbaycana birbaşa təsir etməkdə çətinlik çəkir. 

Üstəlik, ictimai-siyasi sabitlik və xalq-iqtidar birliyi Ağ Evin missionerlərinin Azərbaycanda hərəkət imkanlarını tamamilə məhdudlaşdırır. Əvəzində məğlub durumda olan və iqtisadi tənəzzül yaşayan Ermənistanda ABŞ daha rahat hərəkət edir. 

Nəzərə alaq ki, Paşinyan bu və ya digər şəkildə Qərbə bağlıdır. O çalışır ki, Qərb qarşısında öhdəliyini daha “ləyaqətlə” yetirərək hakimiyyətini bir qədər də uzatsın. Baxmayaraq ki, ABŞ-Rusiya qarşıdurmasının ən böyük düyünü də məhz Ermənistandadır. Ona görə də yaxın aylarda Vaşinqton öz niyyətinə çatmaq üçün qanlı toqquşmalara qədər getmək fikrindədir. 
Gürcüstanda isə mənzərə bir qədər fərqlidir.

Belə ki, qonşu dövlət də Azərbaycan kimi müstəqil siyasət yeritmək istəyir. Rusiyanın təzyiqlərindən qurtulmaq istəyən Gürcüstan Qərbin də boyunduruğuna girmək istəmir. Bununla belə Qərb, daha doğrusu ABŞ Gürcüstanı öz caynağına keçirtmək üçün bütün imkanlardan yararlanmaq istəyir.  
Bu istiqamətdə isə ən sınanılmış metod “rəngli inqilab”dır. Əslində "rəngli inqilab” Gürcüstan üçün yad deyil. 2005-ci ildə məhz bu metodla Eduard Şevardnadze hakimiyyətdən salınmışdı. Ona görə də Ağ Ev sınanılmış metoddan növbəti dəfə yararlanmaq istədi. 

Belə ki, sentyabrın 25-də USAİD proqramı çərçivəsində Serbiya vətəndaşları Sinisa Sikman, Yelena Stoyşiç və Slobodan Cinoviç Gürcüstana səfər etdilər. İlk baxışdan adi səfər kimi görünsə də, maraqlı məqamlar diqqət çəkib. Belə ki, bu trio ABŞ xüsusi xidmət orqanları ilə çox yaxın əlaqələrə sahibdir. Üstəlik, onlar dünyanın bir sıra ölkələrində təşkil olunmuş “rəngli inqilablar”ın katalizatorlarıdır. 

Sinisa Sikman, Yelena Stoyşiç və Slobodan Cinoviç müxtəlif illərdə Serbiya, Ukrayna və digər dövlətlərdə baş verən analoji proseslərdə iştirak ediblər. Bu şəxslər əsasən etiraz əhvali-ruhiyyəsi yaratmaqda, zorakılıqla müşayiət edilən mitinq taktikalarını öyrətməkdə peşəkardırlar.

Maraqlıdır ki, bu üçlüyün Gürcüstana səfərini ABŞ-ın USAID təşkilatı təşkil etmişdi. Məlumdur ki, USAİD “rəngli inqilablar”ın əsas maliyyəçilərindən biridir. 

USAİD Azərbaycanda da 1991-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə dəfələrlə eyni üsullar, eyni taktikalara əl atılsa da, bu planlar zamanında ifşa edilib və reallaşmasına imkan verilməyib. 

Amma USAİD sentyabrda öz agentura şəbəkəsini Gürcüstana daxil edə bildi. 

Bu agentura şəbəkəsi qısa zamanda Gürcüstanda təxriabt xarakterli və xalqı hakimiyyətə qarşı qaldırmağa yönəlik tədbirlər həyata keçirdilər. Lakin Sinisa Sikman, Yelena Stoyşiç və Slobodan Cinoviç bu dəfə əvvəlki “uğurlar”ını təkrarlaya bilmədilər. 

Belə ki,  sentyabrın 18-də Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) xaricdən dəstəklə ölkədə hakimiyyət çevrilişi planlarının olması haqqında məlumat yaydı. Bəyanata görə, daxildəki anti-milli qüvvələrlə əlbir olan xarici dairələr Gürcüstanda zorakılıqla hakimiyyət çevrilişi həyata keçirmək məqsədilə bu ilin oktyabr-dekabr aylarında iğtişaşlar və kütləvi vətəndaş itaətsizliyi aksiyaları planlaşdırırmışlar. 

Gürcüstan hökumətinin bu bəyanatı səsləndirməsindən bir neçə gün sonra USAID-in adı sözügedən destruktiv fəaliyyətlərdə hallandı. Bildirildi ki, 3 Serbiya vətəndaşı, bu ölkənin QHT-si olan “Canvas” təşkilatının üzvləri Sinişa Siqman, Yelena Stoyşiç və Slobodan Cinoviç USAİD-in dəvəti və maliyyə dəstəyi ilə Tbilisiyə gəliblər. 
Məlumata görə, serbiyalı fəallar 26-29 sentyabr tarixlərində Tbilisidəki hotellərdən birində gürcü QHT-ləri və ictimai fəalları üçün təlim keçərək, onları dövlət orqanlarına qarşı fəaliyyət, yollarda piket və süni avtomobil tıxaclarının yaradılması və s. kimi istiqamətlərlə bağlı təlimatlandırıblar. Ona görə də Gürcüstan DTX-si hər 3 Serbiya vətəndaşını ölkədən qovdu. Bununla da, ABŞ-ın Gürcüstana növbəti həmləsi iflasa uğradı. 

Nəzərə alaq ki, USAİD 1992-ci ildən Gürcüstanda fəaliyyət göstərir. Ötən 30 ildə USAİD Gürcüstanda təxribat xarakterli tədbirlərə nə az, nə çox düz 2 milyard ABŞ dollarına yaxın vəsait xərcləyib. Lakin bu qədər xərcin müqabilində USAİD Gürcüstanda istəyinə sonacan nail olmayıb. 

Bəs, USAİD Gürcüstandakı məğlubiyyəti ilə barışacaqmı? 

Bunu artıq zaman göstərəcək...

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO