Qərb Ermənistanı sürətlə silahlandırmaq üçün bütün imkanlarını səfərbər edib. Qərb Ermənistanı yeni müharibəyə hazırlamağa çalışır. Bununla da regionu yeni kataklizmlərin mərkəzinə çevirməyi planlaşdırırlar. “Parçala, hökm sür” ənənəsinə sadiq qalan Qərb Cənubi Qafqazı yenidən bölmək, regionun yeni xəritəsini cızmaq istəyir. Hələlik, bu bədnam prosesin önündə ABŞ və Fransa gedir. Yaxın zamanlarda Almaniyanın da bu prosesə qoşulacağı gözlənilir.
Qərb nə istəyir?
Ermənistanı silahlandırmaqla Qərb ilkin olaraq Cənubi Qafqazda güc balansını öz xeyrinə dəyişmək istəyir. Məlumdur ki, son 200 ildə Cənubi Qafqaz Rusiyanın təsir zonasında olub. Lakin Ukrayna ilə müharibə və beynəlxalq sanksiyalar Rusiyanın diqqətini yayındırır. Bunu fürsətə çevirən Qərb ən qısa zamanda Rusiyanı Cənubi Qafqazdan birdəfəlik çıxarmaq istəyir.
MÖVZU İLƏ BAĞLI:
Brüsseldə Ermənistan qarşısında KTMT, AİB və MDB-dən çıxmaq şərti QOYULDU
Nəzərə alaq ki, Rusiyanın bu regionda əsas dayağı Ermənistandır. Çünki Rusiyanın Ermənistanda 102-ci hərbi bazası var. Bundan əlavə, Ermənistan Rusiyanın moderatoru olduğu KTMT və Aİİ-nin üzvüdür. Ən əsası Rusiya ilə Ermənistanın strateji müttəfiqlik müqaviləsi var. Bir sözlə, Rusiyanın Cənubi Qafqazda əsas və yeganə dayağı Ermənistandır. Ona görə də Qərb bütün diqqəti Ermənistana yönəldib.
Ermənistan Qərb üçün digər faktorlara görə də maraqlıdır. Bu ölkə İranla qonşudur. İranla Qərbin münasibətini şərh eləməyə isə ehtiyac yoxdur. Qərb Ermənistana girməklə “düşmənini” göz qabağında tutmaq istəyir.
Digər bir faktor isə Türkiyədir.
Dünyanın super güclərindən birinə çevrilməyi hədəfləyən Türkiyəni dayandırmaq üçün Qərb ona daha yaxın olmaq istəyir. Bu məsələdə Ermənistanın coğrafi mövqeyi Qərb üçün çox maraqlıdır.
Qərb Ermənistanda yerini möhkəmləndirməklə həm də Azərbaycana daha çox təsir imkanı qazanmaq istəyir. Baxmayaraq ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna pay sahibidir. Bununla belə, Azərbaycanın müstəqil xarici siyasəti və regional gücə çevrilməsi Qərbin ürəyincə deyil. Ona görə də Qərb Ermənistanı silahlandırmaqla Azərbaycana bir növ “göz dağı” vermək istəyir.
Ən nəhayət, dünyada dinlər arasında savaş getdikcə qızışır. Ermənistan da 3 müsəlman ölkəsi ilə əhatə olunub və türk dünyasını birləşdirən yolun üzərində qərar tutub. Bu “vacib faktor” da Qərbin diqqətdə saxladığı məsələdir.
Qərbin Ermənistanda təkcə siyasi maraqları var?
Qərb Ermənistanı silahlandırmaqla həm də iqtisadi dividendlər əldə etmək istəyir. Bu məsələdə çirkli pulların yuyulması böyük ölçüdə əhəmiyyətli rol oynayır. Məlum olduğu kimi, Ermənistanın dövlət büdcəsindən başqa, bir sıra beynəlxalq maliyyə fondları da var ki, rəsmi İrəvana hər cür dəstək verirlər.
Məsələn, “Hayastan” fondunun ABŞ, Fransa və digər ölkələrdə güclü dayaqları var. Amerikanın və Avropanın narkotik və silah tacirləri bu fond hesabına öz çirkli pullarını leqallaşdırırlar. Bu məsələnin bir tərəfi.
Məsələnin digər tərəfi daha maraqlıdır.
Məlumdur ki, Ermənistanı silahlandırmaqda ən çox canfəşanlıq edən Fransadır. Di gəl ki, bu canfəşanlıq erməni sevgisindən daha çox pul qazanmaq ehtirasıyla bağlıdır. Nəzərə alaq ki, 2023-cü ildə Ermənistan dövlət büdcəsində müdafiə xərcləri iki dəfəyə yaxın artırıldı. Cari il üçün Ermənistanın müdafiə xərcləri üçün 1.3 milyarddan artıq vəsait ayrılıb. Bu vəsaitin də əsas hissəsi yeni silahların alınması üçün nəzərdə tutulub.
Bunu fürsət bilən Fransa artıq xeyli vaxtdır ki, iş başındadır. Təsadüfi deyil ki, bu günlərdə Fransanın göndərdiyi hərbi texnikalanın ilk partiyası Gürcüstandan keçərək Ermənistana doğru hərəkət edir. Göndərilən hərbi texnika arasında “Acmat” şirkətinin istehsalı olan “Bastion” çoxməqsədli zirehli texnikası da var.
Yada salaq ki, bir müddət əvvəl Ukrayna Fransanın göndərdiyi həmin bu “Bastion” zirehli maşınlarını təhlükəsizlik baxımından zəif olduğuna görə rədd etmişdi. Bu barədə Fransanın “Ouest France” nəşri məlumat yayıb. Nəşr iddia edir ki, məhz bu yararsız maşınlar Ermənistana göndərilib.
Qeyd edək ki, “Bastion”lar əvvəlcə ölkənin Afrikadakı keçmiş koloniyalarında olan fransız qoşunları üçün nəzərdə tutulub. Hazırda Fransa bu avadanlıqdan qurtulmaq üçün hər cür fürsət axtarır.
Bu da o deməkdir ki, Fransa Ermənistana müasir və yeni yox, aşağı keyfiyyətli və “ikinci əl” hərbi texnikaları satır. Bu da Makronla Paşinyanın kommersiya münasibətlərinin ən yaxşı göstəricisidir. Yəni Ermənistanı silahlandırmaq adı ilə Makron höküməti “ölmüş kapitalı” dirildir.
Həm ABŞ, həm də Fransa Ermənistanda möhkəmlənir
Məlum olduğu kimi sentyabrın 10-da general Patrik Elisin başçılıq etdiyi ABŞ hərbçiləri Ermənistana gəldi. Onlar müştərək “Eagle Partner 2023” hərbi təlimlər keçirdilər. Lakin 10 günlük təlimdən sonra 100-ə yaxın Amerikalı hərbçinin Ermənistanı tərk etməsi barədə heç bir məlumat yayılmadı. Bundan düz bir ay sonra Fransa “mülki təhlükəsizlik” qüvvələrinin 56 hərbçisi, 2 “Dash” təyyarəsi, 1 mobil idarəetmə stansiyası, 2 ton avadanlıq və 2 xilasedici it Ermənistana gəldi. Lakin bu qüvvələrin də Ermənistandan çıxışı barədə heç bir məlumat yoxdur.
Sonrakı günlərdə bəzi Qərb mənbələri yazdı ki, həm ABŞ, həm də Fransa hərbçiləri Ermənistanda qalaraq Rusiyaya qarşı casusluq şəbəkəsi yaradıblar. Məhz bu casus şəbəkəsi hesabına Rusiyanın Ermənistandakı dayaqları ətraflı şəkildə öyrənilir və xalq arasında anti-Rusiya təbliğatı gücləndirilir.
Təsadüfi deyil ki, son bir ayda Rusiya əleyhdarlarının sayı Ermənistanda durmadan artır. Bu gedişlə yaxın zamanlarda Gümrüdəki 102-ci hərbi bazanın Ermənistandan çıxarılması tələbi ilə ermənilər küçələrə töküləcəklər.
Bu prosesin qanlı toqquşmalarla müşahidə olunacağı şübhəsizdir. Bir sözlə Ermənistan ən yaxın aylarda qlobal qüvvələrin siyasi və hərbi poliqonuna çevriləcək. Bundan ən çox itirən isə erməni xalqı və Ermənistan dövləti olacaq.
Surxay Atakişiyev, Bizim.Media