Moskva-İrəvan gərginliyi PİK HƏDDƏ -

Moskva-İrəvan gərginliyi PİK HƏDDƏ - "Ukrayna müharibəsindən sonra növbə Ermənistandadır"

Hazırda oxunan: Moskva-İrəvan gərginliyi PİK HƏDDƏ - "Ukrayna müharibəsindən sonra növbə Ermənistandadır"

163648

Son yarım il ərzində Ermənistanın Rusiyaya qarşı münasibəti 180 dərəcə dəyişib. Bu ölkə Moskvaya münasibətdə artıq kəskin mövqe tutmaq yolunu tutub. Ermənistan öz ərazisində KTMT tədbirini keçirməkdən imtina etdi. Ardınca qurumun Belarusda keçirilən hərbi təlimlərinə də qatılmadı. Əvəzində Ermənistanda ABŞ-la birgə hərbi təlim keçirdilər. İrəvan bununla artıq neçənci dəfədir ki, təşkilatın təlim və toplantılarını boykot edir. Bu fonda hələ sentyabr ayında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin 
KTMT-dən çıxması məsələsinin qaldırıla biləcəyini dilə gətirmişdi. 

Ermənistandan Rusiyaya qarşı bu sayaq həmlələri hazırda da davam edir. Armen Qriqoryan KTMT-nin son yığıncağından da imtina edib. Bunun əvəzində Qərb nümayəndələri ilə görüş keçirir.

Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Rusiya Ermənistanı tutduğu antirus mövqeyinə görə, birmənalı şəkildə cəzalandıracaq və bunun üçün də ardıcıl addımlar atmağa başlayacaq. 

Ekspert qeyd edir ki, İrəvan bu ilin ortalarından başlayaraq, açıq şəkildə antirusiya xətti tutub:

"Ermənistanın Rusiyaya bağlanan son ümidlərini ötən ilin oktyabrında Soçidə keçirilən görüşdə Azərbaycan Prezidenti darmadağın etdi. Ermənistan gördü ki, Azərbaycan onu qane edən planın Rusiya platformasında müzakirəsinə imkan verməyəcək. Hansı ki, Rusiya da Ermənistanı qane edən təklifindən dərhal imtina etdi. Ondan sonra Paşinyan bir neçə dəfə Rusiya planını geri qaytarmaq və müzakirəyə çıxarmaq xahişilə Kreml rəhbərliyinə müraciət etdi. 

Ancaq istədiyi cavabı ala bilmədi. 

Belədə İrəvan 2023-cü ilin ortalarından başlayaraq, açıq şəkildə antirusiya xətti götürdü. Məqsəd Qərbin dəstəyini qazanmaq idi ki, Ermənistan müəyyən mənada buna nail ola bildi. BMT Təhlükəsizlik Şurasının iki iclasında Qərb dövlətləri ermənipərəst mövqedən çıxış etdi. Bu da Paşinyanı ümidləndirdi ki, bəlkə antirusiya xətti ona hansısa kömək edə bilər. Ancaq gözləntilər özünü doğrultmadı. Çünki Qərb Cənubi Qafqaz bölgəsinə Ermənistanın istədiyi qədər nüfuz edə və burada baş verəcək hadisələrə İrəvanı qane edəcək səviyyədə təsir göstərə bilmir. Artıq Ermənistanla Rusiya arasında körpülər yandırılıb”.

Həmsöhbətimiz bildirir ki, Paşinyan Rusiyanın himayə etdiyi qurumları aktiv şəkildə dağıtmaq xətti götürüb:

“İlk hədəf də təbii ki, KTMT-dir. Paşinyan KTMT-nin İrəvan sammitini pozduqdan sonra keçirilən təlimlərdən də imtina etdi, ABŞ-la birgə hərbi təlimlər keçirdi. Artıq o, MDB tədbirlərində iştirakdan da imtina edir. Bu xətt güman ki, bundan sonra da davam etdiriləcək.

Belədə isə Rusiya birmənalı şəkildə Ermənistanı cəzalandıracaq. 

Qarabağda baş verən son hadisələr də göstərdi ki, Rusiya ermənilərin arzuladığı xəttdən qəti şəkildə imtina etmək qərarına gəlib. Yuxarı Lars keçid məntəqəsi təmirə dayanıb. Belədə Ermənistandan gedən yüklər bir müddət keçə bilməyəcək. Elə bu səbəbdən erməni rəsmiləri bəyan edir ki, sülh sazişi imzalanandan sonra öz mallarını daha çox Azərbaycandan keçməklə Rusiyaya çatdırmağa çalışacaqlar. Rusiyanın İrəvan əleyhinə addımları bundan sonra da davam edəcək. Buna şübhə yoxdur. 

Ermənistan iqtisadi cəhətdən Rusiyadan çox asılıdır. Bu ölkənin ticarət dövriyyəsinin 35 faizi Rusiyanın payına düşür. Ermənistan iqtisadiyyatının böyük hissəsi də Rusiyanın nəzarəti altındadır. Azərbaycanda isə bu rəqəm 7 faizdir. Rusiyada işləyən ermənilər ötən il Ermənistana 3,6 milyard dollar göndərib. Bu il isə həmin rəqəmin 4 milyard dollardan artıq olması ehtimal olunur.

Rusiya İrəvanın son anrirus siyasəti fonunda ona qarşı bu sahədə də müəyyən problemlər yaratmağa çalışacaq. Həmçinin Moskva Ermənistana ucuz qiymətə satdığı qazın qiymətini də qaldıracaq. Bir sözlə, Rusiya Ermənistanı cəzalandırmaq üçün ardıcıl addımlar atmağa başlayacaq. Ola bilsin, bu Ukrayna müharibəsinin bitməsinə qədər bir qədər ləngisin, amma Ermənistan mütləq mənada cəzalandırılacaq”.

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO