Ermənistan XİN Rusiyanın ölkədəki səfirini çağıraraq, ona “Birinci kanal”da gedən verilişə görə etiraz edib və nota təqdim edib. Səbəb “Nikol Paşinyan: bəlaların xəbərçisi” adlı verilişdir.
Son günlər Emənistanın Fransadan silahlar aldığını və xüsusi təyinatlılarına sözügedən ölkənin təlim keçdiyini nəzərdə saxlasaq, Rusiya ilə münasibətlərin gərginləşməsi hansı mərhələyə kimi davam edə bilər?
Bunun Azərbaycan üçün faydaları nələr olacaq?
Politoloq Tural İsmayılov mövzunu Bizim.Media-ya şərh edib.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistanda Fransa hərbi bazası yerləşdirilsə, Paşinyan DEVRİLƏCƏK” – AÇIQLAMA
O bildirib ki, Paşinyanın dövründə sorosçuların Ermənistanda iqtidar kürsüsünü ələ alması Rusiya ilə münasibətlərin daha da dalana dirənməsinə səbəb olub:
“Bu gün açıq şəkildə Ermənistanda anti-Rusiya siyasəti həyata keçirilir və eyni formatda Rusiya da Ermənistanın bu ritorikasına qarşı kifayət qədər kəskin mövqe nümayiş etdirir. Əlbəttə ki, Rusiya dövlət kanalında göstərilən verilişdə Ermənistan siyasi rəhbərliyinin açıq aşağılanması və təhqir edilməsi təkcə Rusiya-Ermənistan münasibətlərinin pisləşmədiyini, həm də artıq nifrət ideologiyasına çevrildiyini göstərir.
Bu addım Rusiyanın Ermənistana təzyiqlərinə səbəb olacaq.
Artıq Rusiya ilkin addımı atıb. Ermənistanın verdiyi sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınma problemi yaranıb. Bundan əlavə, iqtisadi baxımdan da Rusiyanın Ermənistana ciddi təzyiqlər göstərəcəyini düşünürəm. Çünki Rusiya yaxşı başa düşür ki, bu gün Ermənistan ərazilərində ikinci Ukrayna cəbhəsi açılır”.
T.İsmayılov vurğulayıb ki, Rusiyanın siyasi rəhbərliyi Ermənistan ərazilərində oynanılan bu çirkin oyuna göz yummayacaq:
“Ermənistan dövlət büdcəsinə daxil olan vəsait kifayət qədər azalıb. Hazırda Ermənistanı tərk edən xarici investisiyaların həcmi kifayət qədər çoxdur.
Fransanın NATO standartlarına cavab verən, yüksək keyfiyyətli silahları Ermənistana satacağı inandırıcı deyil. Fransa Rusiyanı silah bazarından tamamilə sıxışdırıb çıxarmaq və Ermənistanla Türkiyə arasındakı yaxınlaşmanı sabotaj etmək üçün bu müqaviləni imzalayır. Fransa sadəcə göstəriş üçün müqavilə imzalayacaq. İstənilən halda Ermənistan-Rusiya münasibətləri böyük bir gərginlik fonunda davam edəcək”.
Məhərrəm Əliyev, Bizim.Media