Fransa və Ermənistan arasında hərbi saziş imzalanıb. Paris İrəvana üç radar sistemi və yaxın mənzilli hava hücumundan müdafiə sistemləri verəcək.
Bəs, görəsən, Ermənistanın bu addımı atmasına səbəb nədir?
Sözügedən ölkənin hava hücumundan müdafiə məsələlərində zəif olduğunu nəzərə alsaq, sülh danışıqlarının gündəmə gəldiyi bu ərəfələrdə Ermənistan yenidən revanş hisslərinə qapıla bilərmi?
Politoloq Natiq Miri mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya danışıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanı gözləyən SURİYA AQİBƏTİ – Makronun göndərdiyi silahlar Paşinyanın ÖZÜNÜ VURACAQ
O bildirib ki, bu addım Rusiyaya qarşı ciddi bir çağırışdır:
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının (KTMT) üzvüdür. Bu təhlükəsizlik sisteminə bağlı olan Ermənistanın rəqib bir ölkədən müdafiə sistemlərinin alınması ilə bağlı saziş bağlaması KTMT-ni və Rusiyanı görməzdən gəlməsi deməkdir.
Ermənistanın radar və yaxın mənzilli hava hücumundan müdafiə sistemləri alması hay-küy xarakteri daşıyır. Azərbaycanın müxtəlif səviyyələrdə ən müasir hücum silahları mövcuddur.
Bunun fonunda Ermənistana gələcəkdə verilməsi nəzərdə tutulan silahlar hansı balansı yarada bilər?
Ermənistanın bu addımı daha çox Azərbaycan və Rusiya üçün bir görüntü yaratmaqdan başqa bir şey deyil. Bu məsələdə çox böyük logistika problemi var.
Paşinyan dəfələrlə ifadə edib ki, silah almaqla bağlı problemlər həll olunsa da, ən böyük maneə logistika məsələləridir. Çünki uçuşlar Türkiyə üzərindən həyata keçirilir. Təbii ki, Türkiyə bu uçuşlara icazə verməyəcək. Qısası, Ermənistanın hay-küy xarakterli bu addımları Fransaya daha çox sərf edir”.
Məhərrəm Əliyev, Bizim.Media