İki OD ARASINDA – Paşinyanı Qərb, yoxsa Rusiya CƏZALANDIRACAQ? 

İki OD ARASINDA – Paşinyanı Qərb, yoxsa Rusiya CƏZALANDIRACAQ? 

Hazırda oxunan: İki OD ARASINDA – Paşinyanı Qərb, yoxsa Rusiya CƏZALANDIRACAQ? 

156336

Nikol Paşinyan Qərbin ipi ilə düşdüyü quyudan çıxa bilmir. Ona quyudan çıxmağa yardım edə biləcək güclərə də yalan danışmaq məcburiyyətində qalır.

Məsələn, hamı bilir ki, Roma Statutunu qəbul etmiş ölkələr Rusiya Prezidenti Vladimir Putinin həbsinə hüquqi qərar vermiş olurlar.

Lakin Paşinyan riayakarcasına deyir ki, bu statutun erməni parlamentində ratifikasya olunmasının Putinin həbsi ilə heç bir əlaqəsi yoxdur. Guya bu milli təhlükəsizlik üçün edilir. Əslində isə...

Ermənistanın iqtidar yönümlü mətbuatı da barbar bağırır ki, Paşinyan Qərbin bu təklifinə ona görə qol qoyub ki, guya gələcəkdə Azərbaycan Ermənistan ərazisinə girəcəyi təqdirdə Ermənistanın əlində Azərbaycana qarşı Beynəlxalq hüquq müstəvisində mübarizə aparması üçün hüquqi əsas olsun.

Onlar deyir ki, əgər Ermənistan parlamenti Roma Statutunu (Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsi) ratifikasiya etsə və onun yurisdiksiyasına Ermənistan ərazisi daxildirsə, bu, Azərbaycanın törətdiyi cinayətlər kontekstində qabaqlayıcı əhəmiyyət kəsb edə bilər. Üstəlik, Paşinyanın mirzələri bunu da əsas gətirirlər ki, Azərbaycan bu konvensiyaya qoşulmayıb. Ermənistan bu məsələdə qabağa düşsə, çox şey əldə edə bilər.

Lakin, Paşinyanın imicmeykerləri bir məqamı unudurlar ki, Roma Statutu ölkələrə qarşı yox, fərdlərə qarşı cinayət işinin açılmasına imkan verir.

Əgər sabah Azərbaycan Ermənistanın hansısa ərazisinə daxil olsa onda ermənilər ən yaxşı halda bu Statuta arxalanaraq hansısa Azərbaycan hərbçisinə qarşı beynəlxalq aləmdə cinayət işi aça bilər.

Amma bu Azərbaycana qarşı heç bir hüquqi hərəkət imkanı vermir. Bu da onu göstərir ki, Roma Statutunun erməni parlamentində ratifikasiyası sırf Qərbin təzyiqi ilə edilir. Və hədəf Rusiya Prezidentidir. Təsadüfi deyil ki, bir çox ermənilər də artıq bunu etiraf edirlər.

Məsələn, Ermənistan Ədliyyə nazirinin keçmiş müavini, hüquqşünas Aram Orbelyan erməni mediasına bildirib ki, hakimiyyətin Roma Statutunu ratifikasiya etməklə Ermənistanın təhlükəsizliyini təmin etməyə çalışmasını “gülünc və təhlükəli” hesab edir:

“Bakıya qarşı və ya Azərbaycan ərazisində müəyyən hərəkətlər etmək hüququna malik olması üçün ya Azərbaycan Əsasnaməyə qoşulmalı, ya da BMT Təhlükəsizlik Şurası Cinayət Məhkəməsinə müraciət etməlidir. Sadəcə Avropalılar uzun müddətdir ki, bizi məcbur edir, tələb edirlər ki, Assosiasiya Sazişi çərçivəsində ratifikasiya edək”.

Politoloq Suren Surenyants “Sputnik Armeniya” ilə söhbətində Roma Əsasnaməsinin ratifikasiyasının Ermənistan-Rusiya münasibətlərinə dəqiq necə təsir edəcəyi ilə bağlı fikirlərini təqdim edib.

O, əmindir ki, əslində bu addım Ermənistanı hüquqi problemlərin rəsmi şəkildə bəyan edilmiş həllinə yaxınlaşdırmayacaq.

Əvəzində Ermənistan-Rusiya münasibətləri dərin böhrana düçar olacaq və bu böhrandan çıxmaq çox çətin olacaq:

"Ermənistan hakimiyyəti bunu dərk etsəydi, Əsasnaməni parlamentə təqdim etməzdi. Bu, hakimiyyətin daha bir hesablanmamış şıltaqlığıdır, onun təzahürlərini dəfələrlə müşahidə etmişik.

Sonra belə demarşları düzəltmək məcburiyyətində qalırıq”. Surenyants istisna etmir ki, Rusiya Federasiyasının güclü diplomatik təzyiqi Ermənistan hakimiyyətini Roma Statutunu ratifikasiya etmək niyyətindən əl çəkməyə və ya ən azı qeyd-şərtlə bunu etməyə məcbur edə bilər.

Lakin, bu, Ermənistanı Qərbin bu dəfə daha ciddi təzyiqləri ilə üzləşdirə bilər. Bütün bu deyilənlər onu sübut edir ki, Qərbin təzyiqləri təkcə Paşinyanı deyil, erməni cəmiyyətini çətin duruma salıb. Çünki, sonda Ermənistanı ya Qərb, ya da Rusiya cəzalandıracaq. Ona görə də Ermənistan yeni, lakin olduqca çətin dövrə qədəm qoyur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO