Xəbər verdiyimiz kimi Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirib. Üstəlik onu da qeyd edib ki, Ermənistan Qarabağı da Azərbaycanın tərkibində bir subyekt olaraq qəbul edir.
Simonyanın ikibaşlı açıqlaması əslində siyasi riyakarlıqdır. O bir tərəfdən Azərbaycanın ərazi bütövlüyün tanıyır. Amma onun tanıdığı Azərbaycanda “Artsax” adlı qurama bir qurum da var.
Beləcə erməni spiker Azərbaycanın suveren hüquqlarına hörmətsizlik edir. Çünki, Azərbaycanın Konsititusiyasında belə bir inzibati ərazi vahidi qeyd olunmayıb.
Digər tərəfdən əgər Simonyan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, bəs onda niyə bu ölkənin daxili işinə qarışır. Məlum olduğu kimi Ermənistan parlamenti hər il Qarabağdakı separatçı quruma 400 milyon dollar büdcə vəsaiti ayırır.
MÖVZU İLƏ BAĞLI:
"Azərbaycanla sülh sazişi imzalamağa hazırıq" - Nikol Paşinyan
Bəs, belə olan vəziyyətdə erməni spiker öz sözlərində nə qədər dürüst və səmimidir? Mövzu ilə bağlı Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin fikirlərini öyrəndik.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını ifadə edirlər:
“Amma onun təminatına dair məsuliyyəti Qarabağdakı ermənilərin və Azərbaycanın üzərinə qoyurlar. Əslində bu xalqların öz müqəddəratını təyinetməsi BMT-nin prinsipinə söykənir. Çox təəssüf ki, Simonyan kimilər bu fikirləri səsləndirərkən də oradakıların xalq yox, etnik olduğunu da vurğulamırlar.
Üstəlik iddia edirlər ki, guya Qarabağdakı ermənilər qeyri-azərbaycanlı olduqlarına görə hər an cəzalandırıla bilərlər.
Beləcə Qarabağdakı ermənilərini ayaqda saxlamaqla ermənilər dünyaya sübut etmək istəyirlər ki, oradakı erməniləri Azərbaycan blokada şəraitində saxlayır, humanitar böhran yaradır. Ona görə də Qarabağdakı ermənilərin dəstəyə və xüsusi statusa ehtiyacı var.
Beləcə ermənilər öz çirkin oyunlarına həm də beynəlxalq aləmin dəstəyini qazandırmağa çalışırlar”.
Surxay Atakişiyev, Bizim.Media