Ermənistanın ətraf mühiti çirkləndirən müəssisələrinin adları açıqlanıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı siyahı Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə bu ölkənin baş naziri Nikol Paşinyana ünvanladıqları açıq məktubda əksini tapıb.
Həmin müəssisələr aşağıdakılardır:
1. Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatının, Qafandakı dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin 60%-i Almaniyanın “Cronimet Mining GmbH” şirkətinə məxsusdur. Burada heç bir ekoloji norma gözlənilmədən il ərzində orta hesabla 20 milyon ton filiz emal edilir. Kombinatın mədən tullantıları hovuzu olan 270 milyon kvadrat metrlik Artsevanik su anbarı bütün region üçün təhdiddir;
2. Qafan dağ-mədən kombinatı 2019-cu ildən Böyük Britaniyanın “Chaarat Gold International Limited” şirkətinin tərkibindədir və hazırda “Chaarat Kapan” adlanır.
İl ərzində burada orta hesabla 1.3 milyon ton filiz emal edilir. Qafan dağ-mədən kombinatının tərkibində 4.6 milyon kvadrat metr ərazini əhatə edən Gütqum (Qeqanuş) mədən tullantısı anbarı region üçün təhlükə saçır;
3. Əkərək (Aqarak) Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay (Karçevançay) vasitəsilə Araz çayını zəhərləyir.
ABŞ-ın “Comsup Commodities” şirkəti kombinatın bütün səhmlərini satın alaraq onun tam payçısıdır. İl ərzində burada orta hesabla 4 milyon ton filiz emal edilir. Kombinatın Davazam tullantı anbarında hazırda təxminən 36,8 milyon kubmetr təhlükəli tullantı toplanması barədə məlumatlar yayılıb. Tullantı anbarının suyu transsərhəd Araz çayına tökülür;
4. İşğal dövründə Ermənistan hakimiyyəti Azərbaycanla sərhəddə yerləşən Kəlbəcərin Zod yatağını qeyri-qanuni olaraq “GeoProMining” şirkətinin tam istismarına verib.
2009-cu ildə buradan 320,5 min ton, 2010-cu ildə 490 min ton, 2011-ci ildə 880 min ton miqdarında hasil edilmiş filizin emalı Dəvəli (Ararat) qızıl emalı kombinatında həyata keçirilib. Nəticədə mədən yaxınlığındakı Zod (Sotk) çayı mis, dəmir, kadmium və molibden kimi ağır metallarla çirkləndirilib. Çirklənmiş Zod (Sotk) çayının Kür çayına töküldüyünü nəzərə alsaq bu, milyonlarla insanın həyatı üçün böyük təhdiddir. 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi bu mədənin işləməsinə icazə verməklə regionu çirkləndirməsinə görə, Ermənistan tərəfindən ekoloji tarazlıq hüquqlarının pozulmasına dair qərar da çıxarıb;
5. Avropa İnsan Hüquqları Məhkəməsi 14 fevral 2019-cu il tarixli qərarı ilə Şınıx (Şnoq) və Tuğut (Teqout) kəndlərinin məhkəməyə müraciət etmiş sakinlərinin torpaqlarında qanunsuz mədən sənayesi istismarını təsbit edib, bununla bağlı Ermənistan hökumətindən zərərdəymiş kəndlilərə 69400 avro dəyərində təzminat ödənməsi tələb olunub;
6. Göyçə vilayətindəki Daşdəm (Daşdam) Qızıl Mədəni ildə təxminən 10.000 unsiya qızıl hasil edir.
Mədən yerli su təchizatını aramsız şəkildə çirkləndirir. Mədənin çirkab sularında arsen və civə kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Mədənin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad (Vorotan) çayını da zəhərləyir. Bərgüşad çayı Araza tökülür. Mədən Kanadanın “Lydian International” şirkəti tərəfindən idarə olunur;
7. Ermənistanın Lori vilayətindəki Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun istehsal edir.
Mədənin tullantı sularında mis, qurğuşun və sink kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Mədən “Metal Prince” şirkətinin tərəfindən idarə olunur. Mədənin çirkab suları yaxınlıqdakı Tona (Debed) çayını çirkləndirir. Həmin çay Kür çayına tökülür. Axtala mədəni 2017-ci ildə ekoloji problemlərə görə bağlanıb. Lakin 2020-ci ildə mədən yenidən istismara açılıb;
8. Qafan Manqan Zavodu nəinki Ermənistandakı, dünyanın ən böyük manqan zavodlarından biridir.
Zavod manqan filizi, manqan dioksidi və digər manqan məhsulları istehsal edir, illik hasilatı təxminən 1,5 milyon ton filizdir. Manqan filizinin çıxarılması və emalı zamanı hava və suya ağır metallar, toz və digər çirkləndiricilər buraxılır. Bu çirkləndiricilər tənəffüs problemləri, nevroloji xəstəliklər və xərçəng də daxil olmaqla, bir sıra sağlamlıq problemləri yaradır. Zavod həmçinin Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir;
9. Ellər (Qotayq) zavodu mis, sink və qurğuşun istehsal edən metallurgiya zavodudur.
Zavod Arpaçayını mis, qurğuşun və kadium kimi insan sağlamlığına mənfi təsir göstərən ağır metallarla çirkləndirir. Zavod kükürd dioksidi, azot oksidləri və bərk hissəciklər də daxil olmaqla, böyük miqdarda hava çirkliliyi yaradır. Bu çirklənmə insan sağlamlığına mənfi təsir göstərərək tənəffüs problemləri, ürək xəstəlikləri və digər ağır xəstəliklərə səbəb olur. Zavod tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçaya axıdır. Zavodda yaranan, tərkibi ağır metallarla zəngin olan böyük miqdarda bərk tullantılar torpağı çirkləndirir və yeraltı sulara sızır;
10. Göyçə (Geqarkunik) Mis Əritmə Zavodu Ermənistanda əsas mis əritmə zavodlarından biridir.
İldə təxminən 100 min ton mis istehsal edir. Zavod Ermənistanın “GeoProMining” şirkətinə məxsusdur. Zavod atmosferə çoxlu miqdarda kükürd dioksidi və digər çirkləndiricilər atır ki, bu da havanın çirklənməsinə və turşu yağışlarına səbəb olur. Zavod tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçayına axıdır. Arpaçay isə öz növbəsində çirkləndirici maddələri Araza daşıyır. Çirkab suları Arpaçayda su canlılarını məhv edir. Göyçə Mis Əritmə Zavodu ətraf mühit və insanlar üçün böyük təhlükə mənbəyidir;
11. Arazdəyəndə (Yerasx) ekoloji normaların, beynəlxalq konvensiyaların tələblərinə zidd inşa olunan yeni metallurgiya zavodunun tikintisi də dayandırmalıdır.
Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük ola bilər. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün faciə deməkdir. İçməli su təchizatına bu təsir həm də sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Bu, həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yaradacaq;
12. Beynəlxalq qurumlar tərəfindən də fəaliyyətinə dəfələrlə etiraz edilmiş, əleyhinə qərarlar qəbul edilmiş Amuldağ (Amulsar) qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları da Bərgüşad (Vorotan) çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını çirkləndirir.
Qızıl hasilatı sənayesi milli sərhədlərdən kənara çıxan ekoloji çirkləndirməyə səbəb olub. Belə ki, mədən geridə böyük həcmdə tullantı süxurları və tullantı yığınları qoyur, bu isə torpağı çirkləndirir, dağlarda aşınma prosesinin kəskin sürətlənməsinə gətirib çıxarır. Amuldağ (Amulsar) qızıl yatağının bu cür istismarı Qafqaz dağları ilə əhatə olunmuş region və onun əhalisi üçün ciddi təhdiddir;
Amuldağ yatağı təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir, yatağın istismarı İstisu (Cermuk) mineral bulaqlarına məhvedici zərər vurur. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ yatağının istismarında çoxdan qadağan edilmiş, ətraf mühit üçün yüksək təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiəti məhv edir, çay sularının turşulaşmasına, suyun zəhərlənməsinə səbəb olur. Qızıl hasilatının bu çayın sularını çirkləndirməsi ilə yanaşı, əraziyə yaxın yerləşən Ermənistanın ən böyük şirin su gölü olan Göyçə (Sevan) gölünün ekosisteminə də mənfi təsir göstərir.
Eyni zamanda bu sənaye Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İra nın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur.
Qızıl yatağını “Lydian Armenia” şirkəti istismar edir. Bu şirkətinin tam payçısı Böyük Britaniyanın “Lydian International” şirkətidir. Şirkətin əsas səhmdarları “Orion Mine Finance” (ABŞ), “Resource Capital Funds” (ABŞ), “Merk Investments” və “Tocqueville Asset Management LP” şirkətləridir.
Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları Ermənistanı regionda ekosistemi ciddi şəkildə korlayan bu müəssisələrin fəaliyyətini dərhal dayandırmağa çağırır.
Bizim.Media
- A-
- A
- A+
Region
10:57 / 07.07.2023
Ermənistanın ətraf mühiti çirkləndirən MÜƏSSİSƏLƏRİ - SİYAHI
Hazırda oxunan: Ermənistanın ətraf mühiti çirkləndirən MÜƏSSİSƏLƏRİ - SİYAHI
Hazırda oxunan: Ermənistanın ətraf mühiti çirkləndirən MÜƏSSİSƏLƏRİ - SİYAHI
145015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.