Bizim.Media “Sputnik Armenia” saytına istinadən məlumat verir ki, Ermənistanda bu ilin yayına qədər kütləvi şəkildə çətənə əkinləri başlanacaq.
MÖVZU İLƏ BAĞLI:
Erməni nazir: “Qarabağda baş verənlər 30 il əvvəlki hərəkətlərimizin nəticəsidir”
Bu barədə Ermənistan iqtisadiyyat naziri Vaan Kerobyan parlamentdəki çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə çətənə biznesinə başlamaq imkanı erməni fermerlər arasında böyük maraq doğurub.
Qeyd edək ki, Ermənistan hökuməti 4 fevral tarixindəki iclasında iqtisadiyyatın bərpası üçün yeni proqram layihəsi qəbul edib.
Layihəyə əsasən çətənə də daxil olmaqla bir sıra bitkilərin əkin sahələrinin artırılması təklif edilir.
Layihə müəlliflərinin fikrincə, çətənə becərilməsi yolu ilə toxuculuqda, bioplastik istehsalında və bir sıra digər sahələrdə lazımlı məhsullar və qiymətli yağ əldə etmək mümkün olacaq.
"Son bir neçə gündə bir çox iş adamı və fermer daha ətraflı izahat əldə etmək üçün bizimlə əlaqə saxladı", deyə qeyd edən Kerobyan, əvvəllər xaricdə bu fəaliyyətlə məşğul olan şəxslərin daha çox maraqlandığını söyləyib.
4 fevralda keçirilən hökumət iclasında təşəbbüsü müzakirəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyan:
"Təəssüf ki, çətənə deyiləndə yalnız bir şey başa düşülür, halbuki bu bitki çox vacib bir sənaye xammalıdır. Bu vəziyyətdə, şübhəsiz ki, riskləri olan sənaye xammalının böyüməsindən danışırıq. Bu risklərin idarə olunması üçün aydın mexanizmlər var, onlar artıq bir sıra ölkələrdə sınaqdan keçirilmişdir", deyə qeyd edib.
Rəvan Əliyev, Bizim.Media