İranda davam edən etirazlar artıq 68-ci gününə qədəm qoyub. Sular isə durulmaq bilmir. Belə ki, dinc nümayişlər artıq silahlı toqquşmalar mərhələsinə keçib. Bir sıra əyalətlərdə nümayişçilər barrikadalar qurub, rejim güclərinə qarşı silahlı müqavimətə start veriblər.
Molla rejimi aksiyalara qarşı ritorikasını korrektə etmək yerinə, durumu daha da ağırlaşdıracaq addımlar atmağa davam edir. Etirazçılar gülləbaran edilir, saxlanılan fəallara ölüm hökmü kəsilir.
Ali Rəhbər Ayətullah Əli Xamanei də son açıqlamalarında nümayişçilərin sərt şəkildə cəzalandırılacağını bəyan etdi. Aksiyalar davam edir, rejim isə geri addım atmır. Nəticədə təbii olaraq, radikalizm daha da güclənir.
Parçalanma səsləri...
Əgər ilk vaxtlarda etirazlarda səsləndirilən əsas şüarlar sosial problemlərin həlli və bir sıra siyasi hüquqların tələblərilə bağlı idisə, artıq İranda qeyri-fars etnoslarının muxtariyyət və hətta müstəqil dövlət ideyaları güclənməyə başlayır. Silahlı toqquşmaların olduğu bölgələrə nəzər saldıqda, diqqət tamamilə başqa məcraya yönəlir. Belə ki, silah səslərinin gəldiyi deyilən iki əsas ərazi mövcuddur.
Birincisi, İran Kürdüstanı, ikincisi Sistan və Bəlucistan əyaləti. Yəni, etnik azlıqların yaşadığı sərhəd bölgələri. Digər tərəfdən, yayılan məlumatlara görə, İraqdan İranın Qərb bölgələrinə, Paksitandan isə şərq ostanlarına silah daşınır. Hətta İran hakimiyyətinin məhz bu səbəbdən İraqda bir sıra mövqeləri bombaladığı bildirilir.
Yəni, bu bölgələrdə etirazlar artıq separatizm, yaxud milli-azadlıq hərəkatı mahiyyəti qazanmağa başlayıb. Artıq bu əyalətlərdə etirazçılar İrandan ayrılmaq üçün hərəkətə keçiblər.
Doğrudur, soydaşlarımızın yaşadığı Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərində isə aksiyalar ilk günkü şiddəti ilə davam edir. Etirazda səsləndirilən əsas şüar isə yenə də “azadlıq, ədalət, milli hökumət” olaraq qalmaqdadır. Lakin güneydə silahlı toqquşma xəbərlərinə hələlik rast gəlmirik.
Bəs, proseslərin gedişində hansı müstəqil dövlətlər meydana çıxa bilər?
Bəllidir ki, İran molla rejimi geri dönüşü olmayacaq səviyyədə deqradasiyaya uğrayıb. Yəni, hazırki hakimiyyətin islahatlara getməsi belə məsələyə yalnız müvəqqəti çözüm ola bilər. Bir sözlə, inqilabi dəyişikliklər qaçılmazdır.
Dolayısı ilə İranda parçalanmalar da qaçılmazdır. Çünki İranda hakimiyyət dəyişikliyi olsa belə, böyük ehtimalla demokratik qüvvələr hakimiyyətə gələcək. Bu da ölkədə yaşayan etnoslara bir sıra hüquqların verilməsini zərurətə çevirəcək.
Nəticə olaraq, İranda bir müddətdən sonra muxtariyyətlərin yaranması, sonradan müstəqillik ideyalarının daha da genişlənməsi ehtimalı böyükdür.
Hadisələrin bu cür gedişatı, sonda Güney Azərbaycan, Kürdüstan, Bəlucistan, Xorasan, Qaşqayistan kimi dövlətlərin yaranması ilə nəticələnə bilər.
Görünən qədərilə, molla rejimi geri addım atmaq niyyətində deyil, hətta vətəndaş müharibəsi başlasa belə. Lakin bu xəmir hələ çox su aparacaq. Çünki Tehran rejimi can verməkdə olsa belə, unutmamalıyıq ki, ilanın ən təhlükəli olduğu vaxtı yaralı olduğu zamanlardır...
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Region
08:30 / 23.11.2022
İran parçalanacaq və yerində 5 dövlət yaranacaq – ADLAR
Hazırda oxunan: İran parçalanacaq və yerində 5 dövlət yaranacaq – ADLAR
Hazırda oxunan: İran parçalanacaq və yerində 5 dövlət yaranacaq – ADLAR
105724
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.