Son dövrlərdə Ermənistan mətbuatdında sülh prosesi ilə bağlı informasiyaların sayı-hesabı yoxdur. Belə ki, erməni nəşrləri bir çox reallıqdan uzaq, absurd iddialar ortaya ataraq, sülh müqaviləsi ilə bağlı manipulyasiyalara cəhd edirlər.
Ermənistanın müxalif "Hraparak" nəşrinin bu gün yayımlanan məqaləsi də elə bu qəbildəndir. Belə ki, nəşrin iddiasına görə, İrəvanla Bakı arasında sülh sənədi noyabrın sonu, dekabrın əvvəlində Tiflisdə imzalanacaq.
Bəs, erməni nəşrinin bu iddiası reallığa nə dərəcədə uyğundur?
MÖVZU İLƏ BAĞLI:
Soçi görüşünün NƏTİCƏLƏRİ – “Sənədlərdə Qarabağla bağlı heç bir müddəa olmayacaq”
Sualı Bizim.Media üçün cavablandıran politoloq Tofiq Abbasov düşünür ki, Gürcüstanda Ermənistan və Azərbaycan liderlərinin görüşünə və sülh erasının başlanğıcını bildirən sənədin imzalanmasına fəal hazırlığın getdiyi barədə “Hraparak” nəşrinin məlumatı onun növbəti blefidir:
“Hraparak qəzeti daim belə orijinal xəbərlər, insayder məlumatlarla öz oxucularını məzəlləndirir. Belə məlumatlar özünəməxsus feyklərdir. Ermənilər bu sahədə mahir ustadır.
Onlar oxucu və “İP” cəlb etmək üçün ara-sıra belə məlumatları gündəmə atırlar.
Gürcüstanda Əliyevlə Paşinyanın görüşünə və sülh erasının başlanğıcını bildirən sənədin imzalanmasına fəal hazırlığın getdiyi barədə informasiya inandırıcı deyil. Azərbaycan Prezidenti Tiflisdə olarkən Ermənistana mesaj göndərdi ki, Qafqazın 3 ölkəsinin daxil olduğu üçlük formatda fəaliyyət göstərə bilər. Ancaq Ermənistanın diqqəti regiondan uzaqlaradır”.
Politoloqun sözlərinə görə, Rusiyanın status məsələsinin guya gələcəkdə həllini tapa biləcəyilə bağlı açıqlamasından sonra ermənilər yenidən Moskvanın ayaqları altına yıxılmağa başlayıb:
“Tiflis də təbii ki, prosesdə vasitəçi olmağı istəyər. Ancaq yaddan çıxarmayaq ki, prosesdə iki platforma var, Moskva və Brüssel formatları. Prosesdə məhz bu iki platforma əsas rol oynayır. Bütün hallarda burada əsas rol oynaya biləcək amil Azərbaycanın mövqeyidir. Çünki Azərbaycan güclü bənddir və Ermənsitandan fərqli olaraq Bakı mövqeyində qətidir. Azərbaycan bir xətt üzrə hərəkət edir”.
Rüfət Sultan, Bizim.Media