Ermənistan baş nazirinin xüsusi məsələlər üzrə nümayəndəsi Edmon Marukyan Ermənistanın ictimai televiziyasına müsahibəsində bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin “Vaşinqton versiyası” yoxdur.
Bizim.Media xatırladır ki, bir neçə həftə əvvəl Rusiyanın Teleqram kanallarından birində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin guya “Vaşinqton versiyası”nın mətni dərc olunub.
Daha sonra, oktyabrın 27-də Rusiya prezidenti Vladimir Putin “Valday” ekspert klubunun iclasında bu plandan danışaraq qeyd edib ki, əgər Ermənistan Azərbaycanın Qarabağ üzərində tam suverenliyini təmin edən variantı qəbul etmək istəsə, bu, Ermənistan rəhbərliyinin seçimi olacaq.
Paşinyan Tvitterdə Putinin çıxışına cavab verib və bildirib ki, İrəvan sülh müqaviləsinin “Rusiya versiyası” üzərində işə başlamağa hazırdır. Baş nazirin sözlərinə görə, Ermənistan faktiki olaraq bu hazırlığını sentyabrın əvvəlində bildirib. (Xatırladaq ki, sentyabrın 12-dən 14-dək iki ölkənin sərhədində irimiqyaslı hərbi toqquşmalar baş verib - red.)
Amma intriqa Marukyanın televiziyaya müsahibəsi ilə daha da güclənib və Ermənistanın baş nazirinin nümayəndəsi bəyan edib ki, əslində sülh sazişinin “Azərbaycan versiyası” var.
Marukyan qeyd edib ki, Ermənistan faktiki olaraq bu məsələ ilə bağlı müzakirəni açan Rusiya prezidenti Vladimir Putinin təşəbbüsünü yüksək qiymətləndirir, lakin “Vaşinqton” və ya “Qərb” adlandırılan sülh müqaviləsi layihəsi yoxdur.
“Azərbaycanın İrəvana təhvil verilən sülh müqaviləsi layihəsi var, Ermənistan bu müddət ərzində onun əsasında işləyib”, - Marukyan vurğulayıb. - “İş tamamlanıb. Deyə bilərik ki, qarşıdan gələn görüşdə (oktyabrın 31-də Soçidə keçirilməsi nəzərdə tutulan Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli sammiti nəzərdə tutulur – red.) məhz bu məsələ müzakirə olunacaq”.
Paşinyanın xüsusi nümayəndəsi baş nazirin Ermənistanın hələ bu ilin sentyabrında Rusiyanın versiyasına müsbət reaksiya verdiyi barədə sözlərini xatırladıb.
“Rusiyanın təklifləri Ermənistan tərəfi üçün məqbuldur, Azərbaycan tərəfi üçün isə qəbuledilməzdir”, - Edmon Marukyan vurğulayıb. - “Ermənistan ümid edir ki, Soçidə keçiriləcək görüşdə Rusiya tərəfi öz təklifində israrlı olacaq və Bakını razı sala biləcək”.
Xüsusi nümayəndənin sözlərinə görə, Rusiyanın planı Qarabağ münaqişəsinin yekun həllini təxirə salmağı və xüsusən də Qarabağ ermənilərinin statusu məsələsini həll etməyi nəzərdə tutur. Azərbaycan nəzarəti altında olan Qarabağda yaşayan etnik ermənilərin hüquqları, azadlıqları və təhlükəsizliyi ilə bağlı Qarabağla (Qondarma rejimi nəzərdə tutur) birbaşa danışıqlar aparacaq.
Marukyanın nöqteyi-nəzərindən Rusiya Ermənistanın strateji tərəfdaşı və danışıqlarda əsas vasitəçi kimi səy göstərməlidir ki, Bakı Rusiyanın sülh planına razı olsun.
“Ümid edirik ki, Soçidə keçiriləcək görüşdə Rusiya tərəfi öz təkliflərini bir daha irəli sürəcək. Biz də ümid edirik ki, Azərbaycan onları qəbul edəcək”.
Marukyan qeyd edib ki, hazırda tərəflər Soçidə danışıqların yekunu üzrə birgə bəyanat layihəsi üzərində işləyirlər. İrəvan onun mətnində “Dağlıq Qarabağ” ifadəsinin olmasını təkid edir, Bakı bununla qəti şəkildə razılaşmır.
Eyni zamanda, Edmon Marukyan istisna etmir ki, Soçidə erməni tərəfi Rusiya sülhməramlılarının Qarabağ ərazisinin bir hissəsində qalma müddətinin beş ildən on ilədək artırılmasını təklif edəcək. Bu dərhal iki sual doğurur: birincisi, Moskva bu təklifi dəstəkləyəcəkmi? Və belə olsa, Rusiya Azərbaycanı buna inandıra biləcəkmi?
Qeyd edək ki, Rusiya mətbuatı son zamanlar “Vaşinqton planını” geniş şəkildə təbliğ edir, vəziyyəti birmənalı şəkildə gərginləşdirir və onun qəbul olunacağı təqdirdə Rusiyanın hərbi-siyasi mövcudluğunun təkcə Qarabağda deyil, Ermənistanın özündə də təhlükə altına düşəcəyini əsas gətirir.
Rusiya mətbuatının “Vaşinqton planı” kimi təqdim etdiyi işçi sənədin mətni ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında ABŞ-ın paytaxtında keçirilən görüşdə müzakirə edilib.
Bununla əlaqədar olaraq, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Putinin Valday çıxışından sonra Rusiyanı “dezinformasiya yaymaqda” günahlandıraraq qeyd edib ki, “dezinformasiya Moskvadan daxil olur, ancaq unudur ki, ABŞ onilliklər ərzində hər iki ölkənin (Azərbaycan və Ermənistanı nəzərdə tutur) tərəfdaşıdır”.
Ned Prays qeyd edir ki, “Cənubi Qafqaz ölkələrinin, o cümlədən Ermənistan və Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ-dan böyük tərəfdarı yoxdur”.
Bizim.Media
- A-
- A
- A+
Region
18:00 / 30.10.2022
Paşinyanın xüsusi nümayəndəsi Putini təkzib etdi: “Sülh müqaviləsinin Vaşinqton versiyası yoxdur”
Hazırda oxunan: Paşinyanın xüsusi nümayəndəsi Putini təkzib etdi: “Sülh müqaviləsinin Vaşinqton versiyası yoxdur”
Hazırda oxunan: Paşinyanın xüsusi nümayəndəsi Putini təkzib etdi: “Sülh müqaviləsinin Vaşinqton versiyası yoxdur”
101919
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.