Azərbaycanda son illər əhalinin təbii artımında əvvəlki illərlə müqayisədə kəskin azalmalar özünü göstərməkdədir. 2011-ci ildə ölkəmizdə 176072-si doğum, 53762 ölüm olmaqla təbii artım 122310 nəfər idisə, 2021-ci ildə bu rəqəm 112284 nəfər doğum, 76878 nəfər isə ölüm olmaqla müvafiq olaraq müvafiq olaraq 35406-ya enib. Deməli, son on ildə təbii artımda 87 minə qədər azalma baş verib.
Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli əhalinin təbii artımında baş verən azalma tendensiyasının səbəbini 2015-2016-cı illərdə olan iki devalvasiya və pandemiya ilə əlaqələndirdi:
MÖVZU İLƏ BAĞLI:
Ölkədə ölüm sayı çoxalıb... Təbii artımda isə kəskin azalma var - STATİSTİKA
“Azərbaycanda demoqrafik vəziyyət digər postsovet ölkələrilə müqayisədə uzun illər kifayət qədər qənaətbəxş səviyyədə olub. Ölkəmizdə təbii artımın dinamikası başqa ölkələrlə müqayisədə kifayət qədər yüksək idi. Amma son 5-6 ildə doğuşların sayının kifayət qədər ciddi şəkildə azaldığının şahidi oluruq.
Bunun ilkin səbəbi 2015-2016-cı illərdə baş verən iqtisadi cətinliklərlə bağlıdır. Həmin dövrdə baş verən iki devalvasiya, insanların gəlirlərinin kəskin azalması, sosial vəziyyətlə bağlı yaşanan problemlər doğumun sayını azaldan əsas faktora çevrildi. Ardınca pandemiyanın baş qaldırması da prosesə öz mənfi təsirini göstərib. Bu iki amil ailə son illərin ailə planlanmasına təsir göstərən amillər olub. Nəticədə ölkəmizdə doğum sayında kifayət qədər ciddi azalmalar var”.
Həmsöhbətimiz düşünür ki, stimullaşdırıcı addımlarla əhalinin təbii artımında baş qaldıran mənfi tendensiyanı aradan qaldırmaq olar:
“Düzdür, hələ də ölkəmizdə təbii artım qənaətbəxş səviyyədədir. Amma tendensiya azalmağa doğru getdiyindən təhlükəli vəziyyət yaranmaqdadır. Ona görə də dövlət tərəfindən müəyyən stimullaşdırıcı addımların atılması zərurəri meydana çıxır.
Ailələrə, uşaqlara yardım üçün əlavə vəsaitlər ayrılması üçün yeni bir proqram qəbul olunmalıdır. Həm doğuşa görə, həm də 18 yaşına çatana qədər birinci uşağı çıxmaq şərtilə sonrakı uşaqlar üçün uşaq pulu verilməlidir. Birinci uşaq ailənin öz məsuliyyətidir. Ama təbii artım üçün ailədə 2 və daha çox uşaq olmalıdır ki, demoqrafik artım olsun. Bir sözlə, uşaq pulunun verilməsinin problemin həllinə müsbət təsirləri ola bilər”.
Rüfət Sultan, Bizim.Media