Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində yerin təkindən çıxan kükürdlü su artıq meşələrə doğru axmır. İsrarlı şəkildə üzərinə getdiyimiz problem öz həllini tapıb.
Bizim.Media-nın 22 sentyabr tarixli "Kükürdlü su meşə zolağını yandırmaqda davam edir" başlıqlı son yazısında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmazdakı 5 saylı ərazi ekologiya və təbii sərvətlər idarəsindən bildirilmişdi ki, bir həftə müddətində suyun bağlanılması təmin olunacaq.
MÖVZU İLƏ BAĞLI:
Kükürdlü su meşə zolağını yandırmaqda davam edir – Hadisə yerindən Aytəkin Alxaslının VİDEOMATERİALI
Verilən vədə 25 gün ərzində əməl olundu. İlk məlumatı da bizə Xaçmaz sakini, bloger Osman İmamov verdi.
Hadisə yerini bir də ziyarət etdik. Yenidən həmin ərazidə olarkən bataqlığı xatırladan sahədə uzun illərdir durmadan meşələrə doğru axan qaynar, kükürdlü suyun ağzının bağlandığını müşahidə etdik.
Proses haqqında məlumat alarkən, Xaçmaz 5 saylı ekologiya və təbii sərvətlər idarəsindən məlumat verildi ki, yüksək təzyiqlə axan suyun bağlanılması Dövlət Neft Şirkətinin “Siyəzənneft” idarəsinin əməkdaşları tərəfindən xüsusi texnika vasitəsilə mümkün olub.
“Siyəzənneft”dən Bizim.Media-nın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Neft Şirkətinə rəsmi məktubu əsasında qurumun əməkdaşları həmin ərazidə olub, ekologiya pozuntusu kimi qeydə alınan su quyusunun bağlanılması təmin edilib.
Deməli, illərdir meşələri yaman günə qoyan suyun qarşısının alınması mümkün imiş. Bu da Bizim.Media-nın öhdəsinə düşdü. Buna da şükür!
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu